Azərbaycan Qazaxıstan neftini dəmiryol vasitəsilə Gürcüstanın Qara dəniz limanlarına da daşıya bilər
Ukraynanın Rusiyanın Qara dəniz sahilindəki Novorossiysk neft terminallarına zərbələri Qazaxıstanı yenidən öz nefti üçün alternativ nəql imkanları üzərində işləməyə vadar edir. Rəsmi Astana Rusiya-Ukrayna müharibəsinin kəskin dövründə neftinin 90 faizini nəql etdiyi Xəzər Boru Kəmərinin(XBK) çıxdığı Novorossiyskdə baş verənlərdən ciddi şəkildə narahat olmağa başlayıb: Ukraynaya rəsmi etiraz göndərilib. Kiyev isə Qazaxıstanı Rusiyanın Ukraynanın analoji obyektlərinə zərbələrinə susmaqda ittiham edib.
Qazaxıstan bu proseslərin fonunda nefti üçün alternativləri bir daha masaya gətirməli olub. Ölkə mətbuatının yazdığına görə, Astananın əlində XBK-yə 3 alternativ var: Çin, Almaniya və Azərbaycan üzərindən nəql.
Hazırda Qazaxıstandan Çinə mövcud boru kəməri ilə ildə 1.2 milyon ton neft nəql olunur. Son illərdə kəmərin ötürücülük gücünün 10 milyon tona çatdırılması məsələsi dəfələrlə Çin-Qazaxıstan hökumət nümayəndələrinin müzakirəsinə çıxarılıb. Qazaxıstan iki il əvvəl Atırau-Kenkiyak və Kenkiyak-Kumkol kəmərlərinin tutumunun artırılması daxildir, Şımkent Neft Emalı Zavodunun istehsal gücünün ildə 6 milyon tondan 12 milyon tona qədər çatdırılması sahəsində Çinə əməkdaşlıq təklif edib. Bu sahədə Çin Milli Neft Korporasiyası (CNPC) ilə əməkdaşlığa başlanıb.
Açıqlanan məlumata görə, Çin kəmərlərin ötürücülük gücünün artırılmasında iştirak üçün Astanadan illik 10 milyon ton həcmə zəmanət istəyib. Astana bildirir ki, Qazaxıstan-Çin boru kəmərinin iki hissəsinin (Atırau-Kenkiyak və Kenkiyak-Kumkol) 200 milyon dollarlıq genişləndirilməsi Qazaxıstan neftinin Çinə ixracını artırmaqla yanaşı, həm də Pavlodar və Şimkentdəki neft emalı zavodlarını yerli neftlə təmin edəcək.
Kəmərlərin gücünün artırılması üçün bir neçə əlavə neft nasos stansiyasının tikilməsinnə ehtiyac var.
Pavlodar Neft Emalı Zavodu Rusiya nefti ilə işləyir. Ona çatdırılan neftin əvəzində Qazaxıstan eyni həcmi Xəzərdəki yataqlardan Rusiyaya çatdırır. Qazaxıstan artıq Şımkent Neft Emalı Zavodunun emal gücünün 2030-cu ilə qədər 12 milyon tona qədər genişləndirilməsini nəzərdə tutan layihənin icrasına başlayıb. Bununla eyni vaxtda CNPC ilə KazMunayQaz arasında Kenkiyak-Atırau hissəsində Qazaxıstan-Çin neft boru kəmərinin genişləndirilməsi üzrə imzalanıb. Çin Milli Neft Korporasiyası (CNPC) uzun illərdir Qazaxıstanda fəaliyyət göstərir. O, Kaşağan layihəsinin 8,33 faizinə, ManqistauMunayGaz-ın 50 faizinə və Petrokazaxstan Inc.-in 67 faizinə sahibdir. CNPC Qazaxıstan-Çin neft boru kəmərinin, Qazaxıstan-Çin qaz boru kəmərinin və Beineu-Bozoi-Şimkent qaz boru kəmərinin tikintisində iştirak edib.
Hazırda Qazaxıstan daha bir çətin seçim qarşısındadır: ABŞ sanksiyalarına məruz qalan Rusiyanın Rosneft şirkətinə məxsus neftin öz ərazisindən Çinə nəqlini dayandırıb-dayandırmamağa qərar verməlidir.
Qeyd edək ki, Rosneft şirkəti Priirtyshsk-Atasu-Alaşankou marşrutu ilə Qazaxıstan vasitəsilə Çinə neft tədarük edir. Qazaxıstan-Çin boru kəməri iki hissədən ibarətdir: ildə 20 milyon ton neft tutumuna malik və Çinə neft vuran Kenkiyak-Atasu-Alaşankou boru kəməri və ildə 6 milyon ton neft tutumuna malik Kenkiyak-Atırau boru kəməri. Qazaxıstan tranzit neftinin bir hissəsini tarixən Sibir neftindən asılı olan Pavlodar Neft Emalı Zavodunu qidalandırmaq üçün istifadə edir və bunun müqabilində Çinə ekvivalent həcmdə Qazaxıstan nefti göndərir. Qazaxıstan və Rusiya hökumətləri 2013-cü ildə Qazaxıstan vasitəsilə Çinə 7 milyon tona qədər Rusiya neftinin tranziti barədə razılığa gəliblər. 2014-cü ildə bu həcm ildə 10 milyon tona qədər artıb. Mövcud nəql müqaviıəsi 1 yanvar 2034-cü ilə qədər müddəti əhatə edir.
Nəql davam edərsə, Qazaxıstan ikincili ABŞ sanksiyalarına məruz qala bilər. Buna görə də Qazaxıstan Energetika Nazirliyi ABŞ sanksiyaları tənzimləyicisi olan OFAC-a müraciət edib. OFAC istisnaya razılıq verməsə, Qazaxıstan Rusiya neftinin öz ərazisindən Çinə nəqlini dayandırmalı olacaq. Bu isə Qazaxıstanın özü üçün həmin kəmərlə neft nəqlini təmin etmək imkanı yarada bilər. Lakin bunun üçün hasilat mənbələri ilə kəmərin əlaqələndirilməsi lazımdır ki, bu da uzun müddət və əlavə investisiya qoyuluşu tələb edir.
Qazaxıstan 2023-cü ildən Novorossiysk limanından əlavə, Rusiyanın Drujba neft kəməri ilə də Avropaya - daha dəqiqi, Almaniyaya neft nəql etməyə başlayıb. Astana bu neft kəməri ilə Qaraçaqanak və Kaşaqandan Almaniyaya xammal ixrac edir. 2024-cü ildə Drujba vasitəsilə Almaniyaya 1,5 milyon ton neft çatdırılıb. Bu il ölkə ixracı 2,5 milyon tona çatdırmağı planlaşdırır.
Econovis xəbər verir ki, 2024-cü ildə Qazaxıstan Avropa İttifaqına xam neft ixrac edən ölkələr arasında üçüncü yeri tutub. Statistikaya görə, Aİ ölkələri 2024-cü ildə gündəlik ümumilikdə 9,1 milyon barel neft idxal edib. Ən böyük tədarük həcmi ABŞ-dən sutkada 1,40 milyon barel (15,4 faiz artım), Norveçdən 1,10 milyon barel (12,1 faiz artım) və Qazaxıstdan 1,05 milyon barel (11,5 faiz artım) qeydə alınıb.
Reuters Kaztransoil-a istinadən yazır ki, Qazaxıstan 2025-ci ilin birinci yarısında Drujba vasitəsilə Almaniyaya neft ixracını illik müqayisədə 46 faiz artıraraq 926 min tona çatdırıb. bu ilin birinci yarısında Qazaxıstan 49,9 milyon ton neft hasil edib - bu, 2024-cü ildəkindən 11,6 faiz çoxdur. Altı ayda ixraca illik ifadədə 11,9 faiz çox - 39,6 milyon ton neft yönəldilib. İlin yekununda ölkədə 96,2 milyon ton neft hasil ediləcəyi və onun 70,5 milyon tonunun ixrac olunması planlaşdırılır.
Qazaxıstanın XBK-yə daha bir alternativi Xəzər dənizi və Azərbaycan üzərindən nəqldir. Son 3 ildə Qazaxıstan dəfələrlə Azərbaycan üzərindən neft ixracını artırmaq, bunun üçün Bakı-Supsa kəmərindən istifadə etmək planlarını açıqlayıb. Bir qayda olaraq bu plan Rusiya XBK kəməri ilə nəqlə problem yaradanda gündəmə gətirilir, lakin sonra yenidən arxa plana keçir. Buna səbəb, əlbəttə, Azərbaycan üzərindən nəql xərclərinin XBK-dən daha yüksək olmasıdır: Neft Aktau limanına daşınır, oradan tankerlərlə Bakının Səngəçal terminalına daşınır, oradan isə Bakı-Tiflis-Ceyhan neft kəmərinə vurulur. Buna görə də Qazaxıstan Azərbaycan üzərindən nəqlə alternativ marşrut kimi baxsa da, daha çox ehtiyat variant yanaşması sərgiləyir.
Qazaxıstan neftini Bakıya yola salan Aktau limanında hazırda illik gücü 7,5 milyon ton olan üç neftyükləmə qurğusu fəaliyyət göstərir. Aktau Beynəlxalq Dəniz Ticarət Limanının kommersiya işləri üzrə icraçı direktoru Əhməd Mustafinin dediyinə görə, Liman Novorossiyskdəki SPM-ə bənzər bir nöqtəli yanalma qurğuları (SPM) qurmaqla yaxın illərdə neft daşınmasını 20 milyon tona çatdıra bilər: “Biz indi 7,5 milyon ton yükləyə bilirik. Neft daha çox olarsa, iki ildən sonra onu 20 milyon tona çatdıra bilərik”.
Onun sözlərinə görə, Azərbaycan Bakı-Tiflis-Ceyhan (Azərbaycan-Gürcüstan-Türkiyə) marşrutu üzrə nəql etmək üçün ildə 2,2 milyon tondan çox olmayan Qazaxıstan neftini qəbul etməyə hazırdır. Məsələ burasındadır ki, bu kəmərdə əsas məhsul Azərbaycanın yüngül neftidir, ona görə də kəmərə 2,2 milyon tondan çox Qazaxıstan nefti daxil olarsa, yaranan qarışıq keyfiyyətsiz olacaq və Azərbaycanın öz neftinə görə əldə etdiyi gəlirə mənfi təsir edəcək. Belə ki, BTC ilə yalnız Qazaxıstan deyil, Türkmənistanın da nefti nəql olunur. Azərbaycanın öz ixracı isə ildən-ilə azalır. Belə olan şəraitdə BTC ilə ağır növ neft nəqli imkanları da azalır.
Bakı-Supsanın ötürmə qabiliyyəti isə ildə 7 milyon tondan artıqdır. Uzunluğu 837 kilometr olan Bakı-Supsa neft boru kəməri 1997-1998-ci illər ərzində çəkilib. Azərbaycan neftini Qərb istiqamətinə nəql edən bu kəmər Səngəçal terminalından başlayaraq Gürcüstan Qara dəniz sahilindəki Supsa terminalına qədər uzanır. Diametri 530 millimetr olan Bakı-Supsa kəmərinə neftin vurulmasına 1998-ci ilin dekabrında başlanıb.
İlk vaxtlarda bu kəmərlə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Çıraq” və “Azəri” yataqlarından çıxarılan neft nəql olunub. Belə ki, Bakı yaxınlığındakı Səngəçal terminalından Qara dəniz sahilində yerləşən Supsa limanına göndərilən xam neft buradan tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınıb. 2021-ci ilin yekunlarına əsasən, Bakı-Supsa boru kəməri ilə 4,2 milyon ton neft nəql olunub. İxrac olunan bütün neft “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşüb. 2022-ci ildə kəmərdəki əsaslı təmirə görə nəql dayandırılıb. Lakin 2023-cü ildən proses cüzi həcmlərlə də olsa, bərpa edilib. Azərbaycan Energetika Nazirliyinin 2024-cü ilə dair fəaliyyət hesabatından aydın olur ki, 2023-cü ildə Bakı-Supsa ilə 150 min ton neft ixrac edilib. 2024-cü ildə bu göstərici 40 faizədək azalaraq 90 min ton təşkil edib. Belə kiçik həcmlərin nəqlini kəmərin operatoru olan BP Azərbaycan şirkəti sifarişlərin az olması ilə izah edir.
Azərbaycan Qazaxıstan neftini dəmiryol vasitəsilə Gürcüstanın Qara dəniz limanlarına da daşıya bilər. Bu istiqamətdə Türkmənistan nefti daşınır.
Üst-üstə götürdükdə, mövcud nəql imkanları ilə Azərbaycan ildə 20 milyon tona yaxın Qazaxıstan neftini nəql edə bilər. Əsas məsələ kommersiya şərtlərinin uyğunlaşdırılmasıdır.
Çinə ixracın artırılması Pekinin dünya bazar qiymətindən xeyli aşağı qiymət təklifi ilə səmərəsini itirir.
Dünya bazarında neft qiymətlərinin ucuzlaşdığı indiki mərhələdə Qazaxıstan üçün ən əlverişli marşrut bu baxımdan XBK olaraq qalır...
musavat.com