Вернуться назад Распечатать

Pakistanla Əfqanıstan arasında döyüşlər BAŞLADI

Pakistan və Əfqanıstan arasında gərginlik yenidən artıb.

Yerli mətbuatın yazdığına görə ötən gün gecə saatlarından etibarən döyüşlər başlayıb.

Hər iki tərəfdən ölü və yaralıların olduğu bildirilir. İki ölkənin rəsmiləri atəşkəsin pozulmasına görə bir-birini ittiham edir. Əfqanıstandakı “Taliban” hökumətinin sözçüsü Zəbiullah Mücahid "X" platformasında paylaşdığı məlumatda bildirib ki, Pakistan qüvvələri Qəndəhar vilayətinin Spin-Buldak istiqamətində hücuma keçib və buna cavab olaraq Əfqanıstan qüvvələri atəş açıb.

Pakistan baş nazirinin sözçüsü Müşərraf Zəyidi isə əksinə, məhz Əfqanıstan qüvvələrinin “səbəbsiz atəş açdığını” və İslamabadın “sərhədinin toxunulmazlığını və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün tam ayıq-sayıq olduğunu” bəyan edib.

AFP-yə danışan sərhəd sakinləri atışmanın gecə yarısı başladığını və təxminən iki saat davam etdiyini bildiriblər. Qəndəhar informasiya idarəsinin rəhbəri Əli Məhəmməd Hakmalın sözlərinə görə, Pakistan ordusu həm yüngül, həm də ağır artilleriyadan istifadə edib, minaatan mərmilərindən bəziləri mülki evlərə düşüb.