Siyasəti riyakarlıq sənətinə çevirmək olmaz. Arxivlər, cildlənmiş qəzetlərin nüsxələri, televiziya verilişlərinin lent yazıları, digər videolar durur, nə yanmayıb, nə də silinməyib.
10-15, 20-25 il öncə kim kimi tənqid edib, kim kimin təbliğatı ilə məşğul olub, kim kimin ictimai vəkili statusunda tanınıb – hamısı bəllidir, özü də sənədli-sübutlu şəkildə.
Keçmiş fəaliyyətinin incəliklərini etiraf etməyə, yazdıqlarını, dediklərini xatırlamağa cəsarəti və səmimiyyəti çatanlar, təəssüf ki, azdır. Çoxları keçmişini danır, hətta kiminsə o materialları xatırlayacağından qorxur.
2013-cü ildə prezidentliyə namizəd Cəmil Həsənlinin haqqında “Bizim Cəmil müəllim” başlıqlı yazımı xatırlayıram. İndi Cəmil Həsənli üçün həbs ehtimalı olduğu bir vaxtda o yazını danası deyiləm. Yəni kimsə “sən də o vaxt bir şeylər yazmışdın” deyə şantaj eləməsin. Yazmışdım. Pis də alınmamışdı.
Sonrakı illərdə nə baş verdi, hamısı müasirlərimizə məlumdur. Körpünün altından çox sular axdı, bir zamanlar asıb-kəsən məmurlar müxalifətçi, kəskin tənqidi mövqe tutanlar deputat oldular. Zaman, dövran dəyişdikcə, insanlar da öz mülahizələrini, mövqelərini, “dostlar dairəsi”ni dəyişdilər.
Bu, anormal bir şey deyil, rəhmətlik İlyas İsmayılovun təkrar-təkrar dilə gətirdiyi ifadə elə desək, bir ölülər, bir də dəlilər öz fikirlərini dəyişmirlər, qalan hamı nə zamansa öz düşüncəsinə, mövqeyinə, ritorikasına bu və ya digər şəkildə düzəliş edir.
Hazırda Ramiz Mehdiyevi “vurmaq” dəbdədir. Son 30 ildə onun haqqında çox yazmışıq. Hamısı qəzet cildlərində olduğu kimi qalır.
Ancaq həmin dövrdə və ondan sonra Mehdiyev üçün yaxa yırtanlar, onunla əl görüşməkdən ötrü bir-birinin ayağını tapdalayanlar, akademikin əliylə mandat, vəzifə alanlar, mənsəb, sərvət yiyəsi olanlar bu gün onu təhqir edəndə adam mat qalır. Ahıll adama nələr demirlər? Ünvanına söyüş söyənlər də var. Bəhanə də var: “O bunları haqq edir”.
Adam son 30 ildə bu xalqa çox yamanlıqlar edib, çox adamın “torba”sini tikib, çox adamın haqqını yeyib, çox az adama yaxşılığı dəyib. Ondan pislik görənlər akademik barədə ev dustaqlığı qərarı çıxarılan gündən etibarən bir-iki həftə ərzində danışdılar, onun pisliklərini dilə gətirdilər, barəsində ifşaedici açıqlamalar verdilər, ürəklərini boşaltdılar və susdular.
Hazırda isə Ramiz Mehdiyevdən yaxşılıq görənlər dilə gəlib və onlar sabiq PA rəhbərini yerdən-yerə vurur, açıq-açıq təhqir edirlər.
Ümumiyyətlə, siyasi rəqibi kəskin tənqid, tam ifşa etmək, ona qarşı ağır ittihamlar irəli sürmək olar, amma təhqir etmək olmaz. Əksinə, təhqirə məruz qalmaq, hər tərəfdən “vurulmaq” onun günahının bir hissəsini yuyur, əzabkeşə çevirir. Bu, insanlarda əks reaksiya doğurur, ortaya “guya sən özün Aydan arı, sudan durusanmı” sualı çıxarır.
Bu xüsusda canfəşanlıq edən bəzilərininin hərəkəti ayrıca ikrah doğurur. Çünki insanlar o şəxslərin keçmişdə R.Mehdiyevə necə yaltaqlandıqlarını xatırlayırlar və o, vəzifədən gedəndən, hətta ev dustağı olandan sonra üzünə durmaqlarını namərdlik hesab edirlər.
Söz yox, özünü gözə soxanların hərəkətləri gələcəyə hesablanıb. Onların bir çoxu R.Mehdiyevlə bir şəkildə bağlanacaqlarından qorxurlar, bəziləri əllərindəki vəzifəni saxlamaqdan ötrü dilə gəlirlər. Növbəti seçkilərdə bu “xidmət”lə təkrarən mandat almağı düşünənlər də var. Bütün bu canfəşanlıqların motivi yenə də mənsəb və sərvətdir.
Siyasət adamlarının bu sayaq hərəkətləri ümumilikdə siyasət peşəsini gözdən salır. Bütün zamanlarda belə şeylər olub: şəxsi mənafe üçün hər zaman büdrəyənə əlavə badalaq vurublar, yıxılana balta çalıblar, batanın başından basıblar, öz paçalarını xilas etmək üçün zəif bəndin üzünə durublar və sair və ilaxır. “Siyasət çirkin işdir” deyimi belələrinin üzündən yaranıb.
Bu cür adamların R.Mehdiyevi qınamaq haqları yoxdur. Çünki onlar bir şəkildə onun ortaqları olub, əlindən su içiblər, əmrlərini icra ediblər, lazım olanda qulluq göstəriblər. İndi bu cür “ifşaçı” rolu oynamaqla həm də öz yaxalarını kənara çəkmək, məsuliyyətdən qaçmaq məqsədi güdürlər.
Əslində isə onların bu cür canfəşanlıq etmələrinin artıq R.Mehdiyevə elə bir isti-soyuğu yoxdur. Hüquq-mühafizə orqanları məlum cinayət işini hərtərəfli araşdırırlar. Onların əlllərinin altındakı materiallar hər halda “ifşaçı”ların dediyindən daha müfəssəl və mötəbərdir.
Bolşevizm dövrünün adət-ənənələrini, stalinizm epoxasının atmosferini bərpa etməyə ehtiyac yoxdur. Mehdiyevə yaxın olmaqda ittiham edilənlər bir cümləlik izahat verə bilərlər: “Dövlət ərkanına, subordinasiya, iyerarxiya qaydalarına uyğun hərəkət etmişik”.
Xalid Kazımlı