“Məhsəti” filmi ətrafında qalmaqal böyüyür.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Bədii Şura filmin Bakı Beynəlxalq Film Festivalında nümayişinə rəsmi şəkildə qadağa qoyub. Qərar kəskin, sərt və birmənalı şəkildə verilib. Rəsmi açıqlamada bildirilir ki, film Məhsəti Gəncəvi kimi dünya şöhrətli bir şairəni aşağılayıcı, pejorativ, əxlaqsız qadın obrazında təqdim edir və bu, tarixi şəxsiyyətin heysiyyətinə açıq hörmətsizlikdir.
İctimaiyyət bu məsələdə çox kəskin mövqedədir, əksəriyyət tarixi bir şəxsiyyətin belə şəkildə təhrifini qəbulolunmaz hesab edir, bunu “ədəbiyyata qarşı qaralama kampaniyası” və “qara piar cəhdi” kimi qiymətləndirir.
Məlum olduğu kimi, filmin müəllifi Suad Qarayeva keçmiş mədəniyyət naziri Əbülfəz Qarayevin qızıdır. Bu fakt ictimai narazılığı daha da artırıb və bir çoxları tərəfindən “mədəniyyət irsinin təhrifinin himayədarlıqla ört-basdır edilməsi cəhdi” kimi təqdim olunub.
İnsanlar sual edir ki, “Məhsəti Gəncəvi kimi bir şəxsiyyət niyə belə təhqiredici şəkildə təqdim olunmalıdır?” "Bu filmin arxasında hansı ideya dayanır?” “Niyə məhz indi belə bir obraz yaradılıb?”
Qeyd edək ki, film bu ilin müxtəlif beynəlxalq festivallarında nümayiş olunub və xarici auditoriyaya təqdim edilib.
Filmdə Məhsəti Gəncəvi rolunu canlandıran aktrisa Fərqanə Abdulla yaranmış tənqidlərə belə cavab verib:
“Məhsəti Gəncəvi də özünü axtaran, yaradan, azad yaşamaq istəyən qadın idi. O, rəqs etmək, əylənmək, sevmək, sərxoş olmaq, yaratmaq istəyirdi, hər bir insan kimi".