Dekabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinə xidmət etməklə yanaşı, Avropa İttifaqı ilə əlaqələr kontekstində də xüsusi əhəmiyyət daşıyır. Çünki Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşlarından biridir. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji baxımdan böyük əhəmiyyət kəsb edir.
Səfər çərçivəsində Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə görüşləri olub.
Görüşlərdən sonra hər iki dövlətin başçısı mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev mətbuat üçün bəyanatı zamanı iki ölkə arasında əlaqələrin genişlənməsi və bir sıra digər mühüm məsələlərə toxunub. İlk növbədə qeyd edilib ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır.
Keçən il Slovakiya ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb ki, bu sənəd iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran sənəddir. Həmin sənəd imzalandıqdan sonra bütün istiqamətlər üzrə əməkdaşlıq genişlənib.
Bildirilib ki, Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən iki giqavata bərabərdir və növbəti beş il ərzində bu, səkkiz giqavata çatdırılacaq. “Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir”, – deyə Azərbaycan Prezidenti əlavə edib.
Slovakiya Prezidenti Peter Pelleqrini azərbaycanlı həmkarı İlham Əliyevlə birgə mətbuata bəyanatları zamanı ilk ölaraq bildirib ki, “bu, Azərbaycan Prezidentinin Slovakiyaya tarixdə ilk rəsmi səfəridir. Bu, bizim qarşılıqlı marağımızı ən yüksək səviyyədə təsdiq edir. Biz strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik. Biz cənab Prezidentlə geniş tərkibdə və təkbətək formatda geniş müzakirələr apardıq. Biz keçmişdə dəfələrlə görüşmüşük.
Hər zaman olduğu kimi, görüşümüz səmimi və açıq şəkildə həyata keçirilmişdir. Çünki bizim ölkələrimiz dost ölkələrdir və bizim münasibətlərimiz hər zaman yaxşı səviyyədə olub”. Slovakiya Prezidenti qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkədir. O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir. “Çox şadam ki, bizim ticarət dövriyyəmiz artmaqdadır və ciddi artım var.
Biz qeyd etdik ki, bu sahədə hələ də istifadə edilməmiş potensial var”, – deyə o əlavə edib. Ümidvarıq ki, bu səfər Avropa İttifaqı və NATO üzvü olan Slovakiya ilə ölkəmiz arasında bütün sahələr üzrə əlaqələrin daha da möhkəmlənməsinə böyük kömək olacaqdır.
Məstalı Nuriyev,
67 saylı Sabirabad Dairə Seçki Komissiyasının sədri