Вернуться назад Распечатать

Terror təşkilatları azərbaycanlıları necə “verbovka” edir?

DTX tərəfindən Azərbaycan hüdudlarından kənarda qanunsuz silahlı birləşmənin fəaliyyətinin təşkili, həmin birləşmənin tərkibində xarici dövlətin rəsmi şəxslərinin güdülməsi və digər cinayət əməllərinin törədilməsinə cəlb edilənlərin həbsi barədə məlumat vermişdik.

 Məlumata görə, görülmüş müvafiq tədbirlərlə qeyd olunan cinayət əməllərinin törədilməsində şübhəli bilinən 1995-ci il təvəllüdlü Amid Məmmədovun xarici ölkə ərazisində gizləndiyi yer müəyyən edildikdən sonra o, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, Azərbaycana gətirilərək istintaqa cəlb edilib.

Eləcə də, bu cinayətlərin törədilməsində şübhəli bilinən 1997-ci il təvəllüdlü Nurlan Səfərov və 1983-cü il təvəllüdlü Edik İsrafilov saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.

Adları çəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 2017-ci ildə İraqda, 2018-ci ilin əvvəlində isə Suriyada quru ərazilər üzərində hakimiyyətini itirən İŞİD müəyyən mənada “yer altına” çəkilib. 2019-cu ildə ABŞ ordusunun İŞİD-in lideri və “xəlifəsi” Əbubəkr əl-Bağdadini öldürməsindən sonra qruplaşma əhəmiyyətli dərəcədə zəifləyib.  Elə o zamanlarda Azərbaycanın xüsusi xidmət orqanları terror təşkilatlarına qoşulan şəxslərə qarşı sərt mübarizə tədbirləri həyata keçirib, çoxsaylı həbslər, o cümlədən 200-dən çox şəxsi  vətəndaşlıqdan çıxarılıb. Yaxın Şərqdəki terror qruplaşmaları dağıldıqca, müxtəlif yollarla “verbovka” olunaraq muzdlulara qoşulanlar bu dəfə də qeyri-qanuni yollarla ölkəyə qayıtmağa çalışdılar. Onların bir çoxu da müəyyən edilərək ya zərəsizləşdirildi, ya da həbs olundular. İndi terror təşkilatları əvvəlki kimi fəal deyillər, amma bu o demək deyil ki, sıralarına xüsusilə müsəlman ölkələrindən yeni adamların cəlb edilməsini də plandan çıxarıblar. DTX-nın son həbsləri də sübut edir ki, hələ də bu cür təhlükəli adamlar var. Bəs onlar indi necə ələ alınırlar?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a  deyib ki,  Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyatlar sübut edir ki, terror təşkilatları Azərbaycanın vətəndaşlarını hədəf götürməkdən əl çəkməyiblər: “Söhbət təkcə silahlı qruplara qoşulmaq istəyən şəxslərdən getmir. Ölkəmizin  təhlükəsizliyinə qarşı davamlı addımlar atılır. 3 Azərbaycan vətəndaşı xarici ölkələrdə gizləndikləri yerdə aşkar edilərək ölkəyə gətiriliblar. Onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ölkə qanunvericiliyinə zidd olaraq silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə günahlandırılıblar. Bu fakt bir daha göstərir ki, terror təşkilatları hələ də fəaliyyətini dayandırmayıb, sadəcə metodlarını dəyişib. 2017-ci ildə İraq, 2018-ci ildə Suriyada İŞİD-in hərbi mövqelərinin dağılması, ABŞ ordusunun Əbubəkr əl-Bağdadini öldürməsi terror qruplarını zəiflətsə də, onların  fəaliyyətini dayandırmayıb. Azərbaycanda xüsusi xidmət orqanlarının sərt və davamlı tədbirləri nəticəsində yüzlərlə vətəndaş bu təhlükədən qorunub, 200-dən çox şəxs vətəndaşlıqdan çıxarılıb. Lakin dağılan düşərgələrdən geri dönən muzdluların sayı hər zaman risk təşkil edir. Burada vacib məqam odur ki, terror təşkilatları indi daha incə, daha hiyləgər metodlarla insanları cəlb edirlər. Virtual platformalar və sosial şəbəkələr - Telegram, WhatsApp, Discord və digər tətbiqlər vasitəsilə cəlb etmə davam edir. Bu qruplar fərdləri dini və ideoloji motivlərlə radikallaşdırır. Psixoloji manipulyasiya qardaşlıq, dəyərli olmaq, əməkdaşlıq kimi emosional motivlərlə insanları cəlb edirlər. Sosial tənhalıq və maddi çətinliklər bu prosesdə əsas hədəfdir. Yalançı iş və humanitar təkliflər Qruplar muzdluları iş və humanitar missiya adı altında xaricə çıxarır, sonra isə zorla silahlı fəaliyyətə yönləndirirlər. Təhsil və dini proqramlar vasitəsilə radikallaşma uzunmüddətli şəkildə həyata keçirilir”.

Deputat deyib ki, xüsusilə sosial təcrid yaşayan şəxslər hədəfə çevrilir: “Dövlətin qanunvericilik bazası, xüsusi xidmət orqanlarının fəaliyyəti və milli hüquq-mühafizə sistemimiz bu təhlükəyə qarşı ciddi dayaq rolunu oynayır. Amma diqqət edilməlidir ki, radikallaşmanın əsas hədəfi gənclərdir. Onları maarifləndirməmək, sosial boşluqları doldurmamaq, həm də korrupsiyanın yaratdığı etimadsızlıq əlavə risklər yaradır”.

Arzu Nağıyev bildirib ki, radikallaşma və “verbovka” prosesi dəyişib, amma təhlükə hələ də mövcuddur: “Azərbaycan vətəndaşlarının təhlükəsizliyi yalnız DTX və hüquq-mühafizə orqanlarının işi ilə təmin edilmir. Həm də valideynlərin, müəllimlərin, gənclərlə işləyən təşkilatların fəal iştirakı ilə qorunmalıdır. Bu mənada son həbslər həm də mesajdır ki, təhlükə bitməyib.  Azərbaycanın hüquq mühafizə orqanları ayıq-sayıqdır, belə fəaliyyətləri aşkarlayır və cəzalandırır”.