ABŞ və Avropa İttifaqı Ukraynanın sürətləndirilmiş şəkildə Aİ-yə qəbulunu 2027-ci ilə qədər həyata keçirmək imkanını müzakirə edir. Bu, Rusiyayla müharibənin yekunlaşdırılmasını nəzərdə tutan sülh planının tərkib hissəsidir.
1xeber.media xəbər verir ki, məlumatı "Financial Times" yayıb.
Bildirilib ki, təklif ABŞ və Ukrayna rəsmiləri tərəfindən Brüsselin dəstəyi ilə hazırlanır və sülh sazişinin son layihəsində əksini tapıb.
Plan Aİ-yə üzvlük üçün mövcud olan 36 mərhələli prosedurun yenidən nəzərdən keçirilməsini, həmçinin fondlara və hüquqlara mərhələli çıxışın qaydalarının dəyişdirilməsini tələb edir.
Ukrayna prezidenti Volodimir Zelenski qeyd edib ki, ölkənin gələcək Aİ statusu həm Avropa tərəfinin, həm də ABŞ-ın mövqeyindən asılıdır. Onun sözlərinə görə, üzvlüyün sülh sazişinə daxil edilməsi Brüssel üçün bu prosesi praktiki olaraq geri dönüşsüz edəcək.
Moskva isə hələlik planın son versiyaları ilə tanış olmayıb. Rusiya prezidentinin müşaviri Yuri Uşakov bildirib ki, sənəddə Moskvanın narazı qalacağı çox məqamlar var.