Təhsil Nazirliyinin rəsmi platformasında qəbul olunan qərarlarla bağlı valideynlər və təhsil ekspertləri rəy bildirmək imkanına malikdir. Lakin bir çox valideyn bu mexanizmin mövcudluğundan xəbərsiz olduğu üçün təqdim olunan qərarlar ictimai təsir baxımından yetərli olmur.
1xeber.media xəbər verir ki mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov Tribuna.az-a açıqlama verib.
E. Qafarovun sözlərinə görə, ölkədə yeganə mərkəzi İcra Hakimiyyəti orqanıdır ki, istər elektron formada, istərsə də zəng formasında nə qaynar xətti, nə də digər müraciətlər heç vaxt cavablandırılmır. Orada nazirliyin də saytı var. 146 xətti ölkədə ən bərbad qaynar xətt xidmətidir. Ölkədə yeganə nazirlikdir ki, elektron qaydada, yazılı şəkildə, telefonla verilmiş bütün müraciətlərə geridönüş sıfırdır. Valideyn ora yazsa da heç bir faydası olmayacaq.
“Baş verənlər, o cümlədən də nazirliyin dünənki sayıqlamalarındakı məqsəd təhsildə olan çox ciddi problemlərdən cəmiyyətin və mətbuatın fikrini yayındırmaqdır. Təhsildə bütün pillələr üzrə çox ciddi problemlər var. Çıxır televiziyaya, sevinə-sevinə deyir ki, “bu qədər məktəb bağlanır, sentyabrdan da az komponenti məktəblər onlayn sistemə keçəcək”. Halbuki bu məktəblərin sayı da 1241-dir. Görün, dünyada 220-dən artıq dövlət var. Onların heç birinin təhsil naziri durub gülə-gülə, sevinə-sevinə məktəb bağlamağından danışmır. Halbuki 5 ildir bu insan deyir ki, təhsilin vəziyyətinin ağır olması 2020-ci ildə onlayn təhsil sistemi həyata keçirmişdik. Emin Əmrullayev ciddi insan deyil. Bütün addımlarını, çıxışlarını, cümlələrini elə seçir ki, cəmiyyətdə aqressiya yaratsın. O, yaxşı bilir ki, bizim dövlətimizdə ictimai narazılığın yüksək olduğu yerdə məmur işdən çıxarılmır. E. Əmrullayev də kütlə psixologiyasından istifadə edərək, ictimai narazılığı hər gün, hər həftə bir aqressiya yaradan çıxışlar etməklə, genişləndirir. Nəticə etibarilə özünün nazirlik ömrünü uzadır”.