Son dövrlər Gültəkin Hacıbəyli ilə bağlı baş verən proseslər Azərbaycan cəmiyyətində ciddi müzakirələrə səbəb olub. Türkiyədən Azərbaycana ekstradisiya olunması ətrafında yaranan vəziyyət bir daha göstərdi ki, siyasi mövqe, xarici ölkədə yaşamaq və ya özünü “təqib olunan müxalifətçi” kimi təqdim etmək heç kəsi törətdiyi əməllərə görə məsuliyyətdən xilas etmir.
Bu hadisə təkcə bir şəxsin taleyi deyil, eyni zamanda uzun illər ölkənin siyasi mühitində mövcud olmuş gizli mexanizmlərin, manipulyativ texnologiyaların və saxta müxalifət institutunun mahiyyətini açıq şəkildə ortaya qoyur.
Gültəkin Hacıbəylinin siyasi keçmişinə nəzər saldıqda ziddiyyətli və düşündürücü bir mənzərə ortaya çıxır. Məlumdur ki, o, uzun müddət Ramiz Mehdiyevin yaxın çevrəsində yer alıb və onun sisteminin maraqlarına xidmət edib.
Həmin dövrdə onun siyasi fəaliyyəti mövcud hakimiyyət daxilindəki balansların qorunmasına, müəyyən proseslərin idarə olunmasına xidmət edib. Daha sonra isə, sanki planlaşdırılmış şəkildə, Cəmil Həsənli kimi fiqurlarla eyni “radikal müxalifət” düşərgəsində peyda olub. Bu keçid ideoloji dəyişiklikdən çox, siyasi texnologiyanın tərkib hissəsi təsiri bağışlayır.
İddialara görə, Gültəkin Hacıbəyli bu “xidmətlərinin” müqabilində ciddi maddi və inzibati imtiyazlar əldə edib. Ramiz Mehdiyev tərəfindən ona xeyli məbləğdə pul vəsaiti verildiyi, Bakıda iki mənzillə təmin olunduğu, Goranboy rayonunda torpaq sahələri və karyer ayrıldığı, həmçinin biznes fəaliyyətinə geniş şərait yaradıldığı barədə məlumatlar uzun müddətdir ictimai müzakirə mövzusudur. Bu faktlar fonunda onun sonradan “prinsipial müxalifətçi” obrazında çıxış etməsi cəmiyyətdə haqlı suallar doğurur.
Diqqətçəkən məqamlardan biri də Gültəkin Hacıbəylinin müxtəlif dövrlərdə tamamilə zidd mövqelərdən çıxış etməsidir. Eyni siyasi proseslərə fərqli vaxtlarda fərqli yanaşma sərgiləməsi, dünən tənqid etdiyi şəxsləri bu gün müdafiə etməsi, yaxud əksinə, onun siyasi xəttinin ideoloji yox, situativ maraqlara əsaslandığını göstərir. Bu isə “mübarizə”, “demokratiya” və “xalq naminə fəaliyyət” kimi şüarların arxasında şəxsi maraqların dayandığı ehtimalını gücləndirir.
Türkiyədən ekstradisiya prosesi bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Hadisə açıq mesaj verir: siyasi oyunların arxasında gizlənmək, xaricə çıxaraq məsuliyyətdən yayınmaq mümkün deyil. Beynəlxalq hüquq çərçivəsində belə, konkret iddialar və araşdırmalar varsa, proseslər öz məntiqi axarı ilə davam edir. Bu fakt bir çoxları üçün ciddi dərs olmalıdır.
Gültəkin Hacıbəyli məsələsi eyni zamanda Azərbaycan müxalifətinin müəyyən hissəsinin niyə cəmiyyət tərəfindən ciddi qəbul olunmadığını da izah edir. Cəmiyyət illərdir görür ki, bəzi “radikal müxalifətçilər” sistem daxilində yetişib, həmin sistemdən maddi və siyasi qazanc əldə edib, daha sonra isə eyni sistemi tənqid edərək özlərini “alternativ” kimi təqdim ediblər. Bu cür davranışlar müxalifət anlayışını nüfuzdan salıb, real siyasi mübarizə ilə məşğul olan insanlara da kölgə salıb.
Gültəkin Hacıbəyli ilə bağlı baş verənlər təkcə bir şəxsin hüquqi məsuliyyəti məsələsi deyil. Bu, Azərbaycan siyasi tarixinin müəyyən bir mərhələsinin yekunu, saxta rolların, gizli razılaşmaların və manipulyativ texnologiyaların ifşasıdır. Türkiyədən ekstradisiya faktı isə onu göstərir ki, gec-tez hər kəs tutduğu mövqeyə, oynadığı rola və gördüyü işlərə görə cavab verməli olur. Siyasi maskalar dəyişə bilər, amma məsuliyyət anlayışı dəyişmir.