Legitimliyi müxalifət və cəmiyyətin əhəmiyyətli bir hissəsi tərəfindən rədd edilən Gürcüstan prezidenti Mixail Kavelişvili Serbiya prezidenti ilə görüş keçirib.
1xeber.media xəbər verir ki, Görüşdən sonra Aleksandar Vuçiç birgə mətbuat konfransında yaxın vaxtlarda Gürcüstanda Serbiyanın səfirliyinin açılması planlarını açıqlayıb.
"Əziz dost, hörmətli Mixail, Gürcüstan prezidenti Mixail Kavelaşvilini qəbul etmək mənim üçün böyük şərəfdir və mən Serbiyanın vətəndaşı və onun prezidenti kimi demək istəyirəm ki, mən çox şadam, çünki tariximizdə ilk dəfə olaraq Gürcüstan prezidentini qəbul etmək imkanımız var. Biz diplomatik münasibətlərin 30 illiyini qeyd etdik və bu, Gürcüstan prezidentinin Serbiyaya ilk səfəridir...
Biz tezliklə Tiflisdə səfirlik açacağıq, bu səfirlik çoxsaylı biznes təşəbbüsləri üçün məkana və əlbəttə ki, əməkdaşlığın dərinləşdirilməsi üçün fürsət olacaq.
Bu gün biz bütün mühüm məsələləri - qlobal siyasi və geosiyasi vəziyyətdən tutmuş Qafqaz, Qərbi Balkanlar və Cənub-Şərqi Avropadakı vəziyyətə qədər müzakirə etdik. Biz bir-birimizi aydın başa düşürük və ən başlıcası ölkələrimiz arasında münasibətlərin əsasını təşkil edən BMT Nizamnaməsinə və BMT qətnamələrinin tələblərinə riayət etməkdir.
Serbiyanın Gürcüstanın ərazi bütövlüyünə hörmət etdiyi kimi, Serbiyanın ərazi bütövlüyünə hörmət etdiyi üçün Gürcüstana minnətdaram. Bu mövqe heç vaxt hər iki tərəfdə dəyişməyəcək. Biz kiçik və orta dövlətləri təmsil edirik və beynəlxalq hüququ müdafiə edirik və bunu davam etdirəcəyik”, - Vuçiç bildirib.
O, həmçinin Serbiyada Gürcüstanla azad ticarət sazişinin imzalanması ilə bağlı strateji müzakirələrin tezliklə başlayacağını açıqlayıb.
"Gürcüstan gözəl ölkədir. Bilməyənlər üçün deyim ki, Qara dəniz, Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanla həmsərhəddir. Sadə dillə desək, Gürcüstan dünyanın ən vacib yerlərindən biridir. Biz böyük dövlətlərlə qarşılıqlı əlaqənin nə demək olduğunu başa düşürük və Gürcüstanın mövqeyini başa düşürük. Biz bu ölkəni başa düşürük".