Uzun illər Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyevin Dövlət Təhlükəsizliyi Xidmətində cinayət məsuliyyətinə cəlb olunmasından sonra onun dövrdə formalaşdırdığı kölgə mexanizmləri bir-bir üzə çıxır. Bu mexanizmlərin əsas xüsusiyyəti isə açıq zorakılıqdan yox, qohumluq əlaqələri, qorxu mühiti və inzibati təsir rıçaqlarından istifadə etməklə sahibkarlıq subyektlərinin ələ keçirilməsi olub.
1xeber.media Musavat.com-a istinadən xəbər verir ki, Ramiz Mehdiyev bu proseslərdə birbaşa görünməsə də, kürəkəni İlham Əlisəftər oğlu Əliyev vasitəsilə müxtəlif biznes strukturlarına nəzarəti təmin edib. Gununsesi.info xəbər verir ki, Gəncə şəhərində yerləşən Yeni Gəncə Tibb Mərkəzi İlham Əliyev tərəfindən ələ keçirilib.
Məlumata görə, Samir və Fərid adlı sahibkarlar tibb mərkəzini yaradıb. Həmin vaxt İlham Əliyev də onlara dəstək verib. Lakin bir müddət sonra inzibati və siyasi himayəyə arxalanaraq bu şəxsləri faktiki olaraq klinikadan kənarlaşdırıb. Həmin dövrdə Ramiz Mehdiyevin ölkədəki təsir imkanları o qədər güclü olub ki, zərərçəkən tərəflər nə hüquq-mühafizə orqanlarına müraciət edə bilib, nə də məhkəmə perspektivinə inanıb.
Mənbələrin bildirdiyinə görə, sahibkarlar uzun illər susmağa məcbur qalıb. Çünki bu, təkcə biznes mübahisəsi yox, Mehdiyevə qarşı çıxmaq demək idi.
Yalnız Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunmasından və onun ətrafına toxunulmazlıq qalxmasından sonra proseslər dəyişib. Həmin vaxt Samir və Fərid adlı sahibkarlar yenidən hərəkətə keçərək klinika üzərində hüquqlarını bərpa edə biliblər.
Mənbə iddia edir ki, İlham Əliyev heç bir məhkəmə çəkişməsi olmadan, sakit şəkildə klinikanı əvvəlki sahiblərinə qaytarıb. Bu fakt klinikanın yağmalanmasını bir daha təsdiqləyib.
Hazırda klinikanın faktiki sahibləri olan Samir və Fərid daha bir qalmaqallı addımla gündəmə gəlib. Belə ki, tibb mərkəzində çalışan personalın ötən aylardan qalmış əməkhaqları ödənilmir. İşçilərə açıq şəkildə bildirilib ki, bu borclar onların problemi deyil və maaş tələbi İlham Əliyevə yönəldilməlidir.
“Yalnız bundan sonrakı maaşlarınızı biz ödəyəcəyik” -deyə personal qarşısında qəti mövqe qoyulub.
Yeni Gəncə Tibb Mərkəzi ətrafında baş verənlər Mehdiyevin Azərbaycanda sahibkarlar üçün hüquqsuzluq mühitinin yaradılmasına çalışdığını ortaya qoyur. Onları susmağa məcbur edildiyi, qohumluq əlaqələrinin qanundan üstün tutulduğu bir sistemin necə işlədiyini göstərir.
Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması ilə həmin sistem dağılır. Dağıldıqca isə illərdir susdurulmuş sahibkarlar “çökdürülmüş” bizneslərini geri alır.