"Bakı Metropoliteni”nin 2024-cü il üzrə 139,62 milyon manatlıq xalis zərəri ictimaiyyətdə metroda gedişhaqlarının artırılması ehtimalı ilə bağlı narahatlıq yaratsa da, bu göstərici avtomatik olaraq qiymət artımına səbəb olmur”.
1xeber.media xəbər verir ki,bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Tahir Əliyev deyib.
O bildirib ki, xalis zərər əsasən əməliyyat xərclərinin gəlirlərdən yüksək olması, infrastruktura xidmət və texniki baxım xərclərinin çoxluğu, eləcə də dövlət büdcəsindən gələn dotasiyaların yetərsizliyi ilə bağlıdır:
“İqtisadi baxımdan qiymətlərin formalaşması yalnız şirkətin zərərinə deyil, həm də dövlət siyasətinə, sosial məqsədlərə və tariflərin inzibati tənzimlənməsinə bağlıdır. Dövlət ictimai nəqliyyatı əhalinin əlçatanlığını təmin etmək üçün gedişhaqlarını sosial cəhətdən qəbul olunan səviyyədə saxlaya və zərəri dotasiyalar vasitəsilə kompensasiya edə bilər. Buna görə də, xalis zərərin özü dərhal gedişhaqlarının artırılmasına səbəb olmayacaq. Qiymət artımı yalnız maliyyə dayanıqlığını təmin etmək üçün strateji qərar kimi nəzərdən keçirilə bilər. Uzunmüddətli perspektivdə isə effektiv idarəetmə, xərclərin optimallaşdırılması və əlavə maliyyə dəstəyi zərəri azaltmaq üçün əsas vasitələr olacaq”.