Вернуться назад Распечатать

Putin Kupyanskın hələ ələ keçirilmədiyini etiraf etdi

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibənin gedişi ilə bağlı yenidən generallarla müşavirə keçirib.

1xeber.media  xarici agentliklərə istinadən xəbər verir ki, Müzakirə olunan əsas mövzulardan biri Rusiya Müdafiə Nazirliyinin noyabrın 20-dən etibarən nəzarətə götürüldüyünü bildirdiyi Kupyansk şəhəri ətrafındakı vəziyyət olub. Putin Ukrayna Silahlı Qüvvələrinin şəhərdə “vəziyyətin inkişafına mane olmaq cəhdlərinin qətiyyətlə qarşısının alınmasını” tələb edib.

“Qərb” qoşun qrupunun komandanı, general-polkovnik Sergey Kuzovlev Kupyansk istiqamətində döyüşlərin davam etdiyini təsdiqləyərək bildirib ki, Ukrayna qüvvələri mühasirəyə alınıb. Onun sözlərinə görə, Rusiya ordusu Baş Qərargah tərəfindən təsdiqlənmiş plana uyğun olaraq Podolı və Kupyansk-Uzlovoy yaşayış məntəqələri ərazisində Ukrayna Silahlı Qüvvələrinin 14-cü mexanikləşdirilmiş briqadasının bölmələrini məhv edir. Kuzovlev əməliyyatın yekun mərhələsinin yanvar–fevral aylarında başa çatdırılmasının planlaşdırıldığını deyib.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov isə Putinə məruzəsində “Qərb” qruplaşmasının Oskol çayının sol sahilində, Kupyanskın şərqində Ukrayna qüvvələrinə qarşı hücum əməliyyatlarını davam etdirdiyini bildirib.

Qeyd edək ki, hər iki general noyabrın 20-də də prezidentə Kupyanskın ələ keçirildiyi barədə məlumat vermişdi. Lakin bu məlumatlar həmin vaxt obyektiv nəzarət vasitələri ilə təsdiqlənməmişdi və Rusiyaya yaxın hərbi bloqerlər də Müdafiə Nazirliyinin açıqlamalarını şübhə altına almışdı. Buna baxmayaraq, Putin sonradan bir neçə dəfə Kupyanskın nəzarətə götürüldüyünü bəyan edib.

Dekabrın 9-da Putin Sergey Kuzovlevə “Rusiya Qəhrəmanı” ulduzunu təqdim edib. Lakin üç gün sonra Ukrayna prezidenti Volodimir Zelenski Kupyanska səfər edib və şəhərdən videogörüntülər yayımlayıb. Daha sonra Putin bu məsələ ilə bağlı açıqlama verərək, çəkilişlərin guya Kupyanskdan təxminən bir kilometr aralıda aparıldığını bildirib.