“Rusiya ilə Venesuela müttəfiqdir, amma bu, NATO tipli “bir-birini avtomatik müdafiə edən” hərbi ittifaq deyil. Rusiya-Venesuela münasibətləri siyasi-strateji müttəfiqlik səviyyəsindədir”.
Bu barədə siyasi şərhçi Əli Orucov Musavat.com-a açıqlamasında bildirib. Siyasi ekspert qeyd edib ki, Venesuela Latın Amerikasında Rusiyanın ən yaxın siyasi tərəfdaşlarından biridir. Uzun illərdir Moskva Nikolas Maduro hakimiyyətini legitim hökumət kimi tanıyır və onu beynəlxalq arenada qoruyur. Hər iki ölkə ABŞ-ın sanksiya və təzyiqlərinə qarşı ortaq mövqe tutur: “Rusiya ilə Venesuela arasında hərbi əməkdaşlıq var. Rusiya Venesuelaya S-300 HHM sistemləri, təyyarələr və digər silahlar satıb, birgə hərbi təlimlər keçirib, hərbi-texniki məsləhətçilər göndərib. Ancaq Rusiya ilə Venesuela arasında NATO-nun 5-ci maddəsi kimi “hücum olarsa avtomatik müdafiə” öhdəliyi yaradan rəsmi kollektiv müdafiə müqaviləsi yoxdur. Ona görə də Rusiyanın Venesuelanı ABŞ hücumundan qorumaq üçün bu ölkəyə hərbi müdaxilə etməsi ehtimalı yoxdur və hüquqi cəhətdən də buna məcbur deyil, öhədəliyi yoxdur. Digər tərəfdən də Ukrayna müharibəsi Rusiyanın başqa bölgələrə hərbi qüvvə ayırması imkanlarını xeyli məhdudlaşdırır. Rusiya uzağı sərt siyasi bəyanatlarla, BMT Təhlükəsizlik Şurasında ABŞ-a qarşı çıxış etməklə kifayətlənəcək. Venesuelaya görə indiki vaxtda ABŞ-la birbaşa hərbi toqquşmaya getməsi mümkün görünmür. Dediyimiz kimi, Rusiya atıq Ukrayna müharibəsində ağır yük altındadır”.
Ə.Orucov eyni zamanda vurğulayıb ki, Donald Trampın Ukrayna müharibəsində Rusiyanın faydasına işləyən mövqedə olduğu bir vaxtda Vladimir Putin bu vəziyyəti kəskin mənfiyə dəyişəcək addım atmaz. Hətta istisna deyil ki, Venesuela məsələsində Putinlə Tramp arasında gizli anlaşma var: “Bu anlaşmanın Ukrayna qarışıqlığında Venesuelaya hərbi müdaxiləyə göz yummaqdan ibarət olması da mümkün variantlardan biri ola bilər. Putinin Trampla “Ukraynadan geri çəkiləcəksən, biz də Venesuelaya qarşı addımlarınızda sənə mane olmayacağıq” tipli razılaşmasının olduğu istisna deyil”.