Вернуться назад Распечатать

Maduro və xanımı narkoterrorizmdə ittiham olunur

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı irəli sürülən ittihamlar məlum olub.

1xeber.media xəbər verir ki, bu barədə ABŞ-nin Baş prokuroru Pamela Bondi sosial şəbəkə hesabında paylaşım edib.

O, Nikolas Maduronun ağır cinayətlərdə ittiham olunduğunu təsdiqləyib. Baş prokurorun sözlərinə görə, Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsində qaldırılan ittiham aktına əsasən, Maduro və Flores narkoterrorizm və külli miqdarda kokainin ABŞ-yə idxalında günahlandırılırlar. Bondi bəyan edib ki, onlar tezliklə “Amerika ədalətinin tam sərtliyi” ilə üzləşəcək.

Venesuela Baş prokuroru Tarek Uilyam Saab isə baş verənləri pisləyərək ABŞ-ni “quldur dövlət” adlandırıb. O bildirib ki, dövlət başçısının və xanımının təhlükəsizliyinə görə birbaşa Vaşinqton məsuliyyət daşıyır. 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu gün Bakı vaxtı ilə saat 20:00-da Florida ştatındakı Mar-a-Laqo iqamətgahında geniş mətbuat konfransı keçirəcək. Konfransda “Cənub Nizəsi” (“Operation Southern Spear”) əməliyyatının gizli detallarının və Maduronun hazırkı vəziyyəti ilə bağlı görüntülərin təqdim olunacağı gözlənilir.