Вернуться назад Распечатать

Havaya sovrulan trilyonlar...

Venesuelada baş verən hadisələrlə bağlı olaraq ölkəmizdə bu xüsusda rəy bildirən xeyli adamın səsləndirdiyi mülahizələrin içində bir klişe ifadə var, deyirlər: “ABŞ-nin girdiyi ölkələrdən heş biri xeyir tapmayıb, Amerika hamısını xaraba qoyub çıxıb”.

Bu, ideoloji mülahizədir, ABŞ-yə düşmən olan qonşu dövlətlərin propoqondist dairələrində hazırlanır, tirajlanır, ictimai rəyə ötürülür. Bu, baş verən hər bir hadisəni “Amerikanın oyunlarıdır”, “masonların işidir” kimi şərh edilməsi kimi bir şeydir.

Əslində isə elə deyil. Mövzuya ədalətlə yanaşsaq, deyilməlidir ki, ABŞ bir çox ölkələrin rifaha qovuşmasında, demokratikləşməsində, insan haqlarının prioritetə çevrilməsində önəmli rol oynayıb.

Məsələn, qlobal iqtisadiyyatın və innovasiyanın "lokomotivi" olan ABŞ Yaponiya və Cənubi Koreyanın iqtisadi möcüzəyə nail olmasında, bərpasında, varlanmasında böyük pay sahibidir.

Adi gözlə görünən fərqə diqqət edək. Ötən əsrin ortalarında Koreya yarımadasında iki dövlət əmələ gəldi: yarımadanın şimalında SSRİ-nin himayə etdiyi Şimali Koreya Demokratik Respublikası yaradıldı, cənubda isə ABŞ-nin müdafiə etdiyi Koreya Respublikası təsis edildi.

Moskva tərəfindən qurulan dövlətdə hələ də eyni ailə (baba-oğul-nəvə Kimlər) hakimiyyətdədir, Cənubi Koreyada isə azı 30 dəfəyə yaxın hakimiyyət dəyişib. Şimali Koreyanın ballistik raketləri olsa da, dünyanın ən pis güzərana sahib 10 ölkəsindən biridir, Cənubi Koreya isə dünyanın ən firavan 20 ölkəsindən birinə çevrilib. 

Fərq ortadadırmı? Açıq şəkildə. 40 milyardlıq ÜDM-lə 3,365 trilyonluq ÜDM-ün fərqi qədər.

Cənubi Koreyanı 3 trilyon yarımlıq ÜDM-ü ilə dünya nəhənglərindən biri edən başqası deyil, məhz ABŞ-dir. Bu, ona görə belə alınıb ki, yarımadanın cənubunda yaşayan və hazırda ümumi sayı 51 milyonu aşan insanlar okeanın o tayından verilən mesajları anlaqlı şəkildə qəbul ediblər. Bazar iqtisadiyyatına keçmək lazımdır. Baş üstə. Demokratik seçkilər təşkil etmək vacibdir. Mütləq. Təhsilə diqqət yetirilməlidir. Bəli. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılmalıdır. 100 faiz. Ölkəni xalqdan səs alan qüvvələr idarə etməlidir. Elədir ki var.

Nəticə göz qabağındadır. Rifah. Firavanlıq. Haqq-ədalət. Qanunçuluq. Tərəqqi.

Ötən il Cənubi Koreyanın prezidenti Yun Sok Yol vəzifəsindən sui-istifadə etmək, fövqəladə vəziyyət rejimi ilə rəqiblərini sıxışdırmaq istədi, başına nələr gəldi, bilirsiniz. Adamın səlahiyyətlərini əlindən aldılar, iqamətgahında qandalladılar, sonra impiçment etdilər. O, prezident ola-ola həbsdə yatan ilk Koreya prezidenti idi. Adamın prezidentliyinə yalnız 3 aydan sonra xitam verildi. Bütün proseslər qanun çərçivəsində aparıldı.

Cənubi koreyalılar bu cür qanunun aliliyinə riayəti, siyasi və hüquqi prosesləri sırf qanunçuluğun tələbləri əsasında aparmağı ABŞ-dən əxz ediblər. ABŞ Cənubi Koreyanın daxili siyasətinə düzən və dizayn verməsəydi, yarımadanın cənubunda da, şimalında olduğu kimi, istibdad rejimi bərqərar edilərdi.

Tayvan və Sinqapurun bugünkü inkişafı və rifahı da ABŞ-nin əsəridir. Yoxsa Cənub-Şərqi Asiyada bu cür xırda dövlətlərin belə böyük tərəqqi əldə etməsi mümkün deyildi. Hər şey o tərəfə, böyük qonşuları onları günün birində alıcı quş alan kimi alardı. Necə ki, Çin hər həftə Tayvanın üstünə qıcanır, ABŞ-dən qorxmasa, bu adanı özünə qatıb, əyalətinə çevirər, demokratik seçkiləri, parlament üsul idarəsini də birdəfəlik ləğv edər.

İkinci dünya müharibəsindən sonra böyük ölçüdə dağılmış Avropanın ayağa qalxması, dirçəlməsi, ABŞ-də qəbul edilmiş “Marşal planı” əsasında baş verib. Bu plana uyğun olaraq, ABŞ demokratik təsisatların dəstəyi ilə Avropa ölkələrinin (Almaniya, Fransa, Böyük Britaniya daxil olmaqla) inkişafına güclü təsir göstərib, onların inkişaf etmiş iqtisadiyyatlara çevrilməsinə töhfə verib. Düzdür, bu ölkələrin özləri də çalışqan və dürüstlüyə önəm verən xalqlarının səyləri hesabına ağır vəziyyətdən çıxmaq əzmi göstəriblər, ancaq ABŞ-nin Avropaya yardımı danılmaz şəkildədir.

Qardaş Türkiyənin 20-ci əsrin ikinci yarısında və günümüzdə müsəlman dünyasından fərqlənərək önə çıxması, həm demokratik idarəetmə, həm dünyəvilik, həm də iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə etməsi ABŞ ilə sıx əməkdaşlığının nəticəsi idi. Düzdür, zaman-zaman okeanın o tayındakı təkəbbürlü siyasətçilər Ankaraya qarşı xoşagəlməz və yanlış hərəkətlər də ediblər (xüsusilə Türkiyə iqtidarlarını həmişə itaətkar duruşda görmək istəyərək), ancaq hər halda Türkiyənin regional güc olmasında ABŞ-nin xüsusi rolu olub.

Bir də var ABŞ-nin uğur qazana bilmədiyi, necə deyərlər, “xaraba qoyduğu” ölkələr, İraq, Əfqanıstan və s.

Bunlar o ölkələrdir ki, onlar özləri xoşbəxt olmaq istəmədilər, ABŞ-dən gələn tövsiyələri, proqramları qulaqardına vurdular. ABŞ bu ölkələrdə trilyonlar itirdi və heç bir şey əldə edə bilmədi. Bu ölkələrdə son yüz ildə ilk dəfə demokratik, dürüst seçkilər məhz ABŞ-nin Kabul və Bağdadda hökmran olduğu illərdə keçirilib, ölkənin başına xalqın səs verdiyi (eyni zamanda Vaşinqtonun dəstəklədiyi) qüvvələr gəlib. Bəs sonra nə oldu? Sonra o oldu ki, həmin qüvvələr də “dədə-baba qaydası” ilə işlədilər – tayfabazlıq, məzhəbdaşlıq, korrupsiya və rüşvətxorluq, hər cür ayrı-seçkilik, diktaturaya meyllilik, şəriətçilik və s.

Nəticə ortadadır: Əfqanıstan daş dövrünə qayıdıb. İraqda daxili çəkişmələr hökm sürür, bir gün Səddam Hüseyn kimisinin biri ortaya çıxıb “tək adam” rejimi bərqərar edəcək, məsələ bitəcək.

Əfqanlar və iraqlılar Koreya yarımadasının şimalında yaşayanlar kimi sözəbaxan, mötədil olsaydılar, vəziyyətləri başqa cür olardı.

Böyük ehtimalla Madurodan canını qurtarmış venesuelalılar “dil bilən, söz anlayan” olacaqlar. Çətin olacaq, uzun çəkəcək, amma axırı yaxşı qurtaracaq.

Araz Altaylı, Musavat.com