Вернуться назад Распечатать

Araz Musayev araşdırmadan narazılıq edir...

"Hörmətli Baş Prokuror Kamran Əliyev, mənə qarşı törədilmiş cinayət Azərbaycanda başlamış və bu günədək davam etməkdədir..."

1xeber.media xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçən ilin may ayının 28-də Türkiyənin Antalya şəhərində iki qrup arasında baş verən insident zamanı bıçaqlanan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev qeyd edib.

O daha sonra bildirir: "Bu cinayət işi ilə yanaşı, məhkəmə proseslərinə göstərilən təsirlər və hüquqi normaların pozulması ədalətli araşdırmaya ciddi maneə yaradır. Xahiş edirəm, qeyd olunan faktların obyektiv şəkildə araşdırılmasına və davam edən cinayət əməllərinə hüquqi qiymət verilməsinə göstəriş verəsiniz".

Antalyada bıçaqlanma hadisəsinin ardından Araz Musayev Suraxanı rayonu icra hakimiyyətinin başçısı Adil Əliyevi və Gənclər və İdman nazirliyinin rəhbərliyinə aid bəzi şəxsləri ittiham etmişdi.

Araz Musayev həmin dönəmdə iddia edirdi ki, onu vurduran icra başçısıdır:

"Məni Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar. Aramızda olan problem isə işlə bağlı olub. Adam Muay-Tay Federasiyasının başına keçmək istəyirdi. Bizim başqa problemimiz olmayıb. Bilirsiniz, federasiyaya təyinat istəklə deyil, seçimlə olur. Bu vaxta kimi mənə qarşı xoş olmayan addımlar atıb, son addım killer tutmaq oldu".

Onu da xatırladaq ki, məsələ sosial şəbəbəkələrdə, ictimai sferada geniş müzakirələrə səbəb oldu. Bu səbəbdən Adil Əliyev də mətbuata həmin dönəmdə açıqlama verdi.

1xeber.media  xatırladır ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev yerli KİV-ə açıqlamasında bildirmişdi ki, Araz Musayevin səsləndirdiyi fikirlər əsassız, böhtan və şər xarakterlidir:

“Hadisə ilə heç bir bağlılığım yoxdur. Bu barədə məlumatı mətbuat vasitəsilə almışam. Araz Musayevin çarpayıda uzanaraq cəmiyyətə və ölkənin ali orqanlarına təsir etməyə çalışması, ictimai rəyi manipulyasiya etməsi yolverilməzdir. Bu hadisəni törədən bəlli, hadisənin yeri-yurdu bəllidir. Mən Bakıda oturub öz işimlə məşğulam və bu kimi hadisələrdə indiyə qədər heç zaman adım hallanmayıb, hallana da bilməz. Çünki bizim daim bir məqsədimiz olub, o da dövlətimizə, xalqımıza xidmətdir. Araz Musayevin nə düşündüyünü, nə üçün belə böhtan atdığını bilmirəm. Ancaq bildiyim odur ki, bu, iyrənc yalandır. Əlbəttə ki, məni tanıyan kimsə bu yalana inanmır".
Adil Əliyev eyni zamanda demişdi ki, əslində Araz Musayev bu açıqlaması ilə özünü ifşa edir. Sitat: "Çünki hələ istintaqın nəticələri bəlli deyil. Belə olan halda Araz Musayev tələm-tələsik niyə mənim adımı hallandırır? Deməli ortada istintaqı yayındırmaq cəhdi var. İstintaq hər şeyi ortaya qoyacaq. Nəticəni gözləmək lazımdır".

İndi isə hadisənin üstündən 7 ay keçib. Amma ortada konkret bir hüquqi araşdırma nəticəsi yoxdur. Elə Araz Musayev də bunu deyir...

Məsələ diqqətimizdədir..