Bakı şəhərinin və Abşeron yarımadasının su problemlərinin həlli məsələləri həyata keçirilən infrastruktur layihələri arasında xüsusi yer tutur. İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Dövlət başçısı müşavirədə qeyd etdi ki, Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar. Vaxtilə bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi.
Bu məsələlər də tədricən öz həllini tapıb. Bu gün əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilib və proses davam etdirilir.
Son 20 ildə dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etmək istərdik. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı imkan verdi ki, Samur çayının suları “Ceyranbatan” su anbarına yığılsın və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən quruldu. Yeni, müasir təmizləyici qurğular kompleksi inşa edildi. Bu gün azad edilmiş ərazilərdə içməli su və suvarma layihələri icra edilir.
Son beş ildə bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onlardan biri “Sərsəng” su anbarıdır. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Prezident İlham Əliyevin müşavirədə vurğuladığı kimi, vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi.
“Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Bu gün isə “Suqovuşan” və “Sərsəng” su anbarları tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay”, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının - “Həkəriçay” və “Bərgüşadçay”ın tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir.
Bütünü bunlar bir daha sübut edir ki, su mənbələri hər bir ölkə üçün çox önəmlidir. Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq var. Prezident İlham Əliyev müşavirədə bu məsələyə də xüsusi diqqət yönəltdi. Bildirdi ki, bir çox ölkələr artıq bundan ciddi zərər görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Görülən işlər qat-qat çoxdur, layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi. Bizim məqsədimiz isə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır.
Əsas çağırışlardan biri də bu oldu ki, su sektorunda rəqəmsal idarəetmə sistemi də tətbiq edilməlidir. Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bunun üstünlüyü ondan ibarətdir ki, bu, sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir.
Dövlət başçısı İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın qeyd edilən sahədə gələcək inkişafı ilə bağlı aydın təsəvvür yaradır. Prezident İlham Əliyevin 12 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” təsdiqləndi. Dövlət Proqramı strateji məsələ olan su təminatı və ekoloji təhlükəsizliyi yeni mərhələyə yüksəldəcək. Ümumiyyətlə, dayanıqlı su təminatı və ekoloji tarazlığın qorunması əsas hədəflərdəndir.
Elşən Əsgərov,
3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı