Вернуться назад Распечатать

Bakının qəsəbələrində kanalizasiya sistemləri yenilənəcək

Bakı şəhərinin qəsəbələrində kanalizasiya sistemlərinin yenilənməsi və mövcud sutəmizləyici qurğuların müasirləşdirilməsi nəzərdə tutulub.
Bu və digər məsələlər ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramının müzakirəsi zamanı qeyd edilib, bu sahədə görülən işlər və qarşıda duran vəzifələrdən danışılıb.

Prezident İlham Əliyev müşavirədəki çıxışında deyib: “Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür. Bir çox ölkələr artıq bundan ciddi zərər görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Qeyd etdiyim kimi, son 20 il ərzində ancaq sadaladığım, – halbuki görülən işlər qat-qat çoxdur, – layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi. Bizim məqsədimiz isə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır, uçotu tam yaratmaqdır və mövsüm gələndə suları
yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edək”.

Təəssüf ki, uzun illərdir ki, Bakı və Abşeron yarımadasının içməli su problemləri ciddi problemə çevrilib. Bu da genişmiqyaslı və müfəssəl Dövlət Proqramının qəbul edilməsini tələb edirdi. Müşavirədən dərhal sonra ölkə başçısının müvafiq Sərəncamı ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” təsdiq edildi. Qəbul edilən

Proqramın icrası ilə  bağlı dərhal müvafiq tapşırıqların verilməsi dövlət başçısı tərəfindən bu işlərə olan diqqətin təzahürü kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyev müşavirədəki çıxışında paytaxt Bakı şəhərinin kanalizasiya məsələsinə xüsusi toxunub. Bildirilib ki, bu gün əhalinin 50 faizinə  kanalizasiya xidməti göstərilir və Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Dövlətimizin başçısı əlavə edib ki, “yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor
şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq”.

Dövlət Proqramına  əsasən, Maştağa, Ramana, Binə, Qala, Zirə, Türkan, Dübəndi, Gürgan və Hövsan qəsəbələrində tullantı sularının idarə olunması sistemlərinin qurulması, Mərdəkan, Şağan, Şüvəlan, Qala və Buzovna qəsəbələrində tullantı sularının idarə olunması və sahilboyu ekoloji tarazlığın qorunması, Sahil, Səngəçal və Ümid qəsəbələrində tullantı sularının idarə olunması və sahilboyu ekoloji tarazlığın bərpası, Ələt Azad İqtisadi Zonası, Ələt, Qobustan və Şıxlar qəsəbələrində tullantı sularının idarə olunması sistemlərinin yaradılması, mövcud tullantı su infrastrukturunun yenidən qurulması proqram çərçivəsində nəzərdə tutulub.

Ümid edirik ki, Bakı şəhərinin qəsəbələri üçün çox böyük əhəmiyyət daşıyan bu Dövlət Proqramının həyata keçiilməsi Abşeron yarımadası üçün ən ciddi problemlərdən biri olan tullantı sularının idarə olunması sistemlərinin qurulmasını həll edəcəkdir.

Fuad Əliyev,
Sabirabad rayon sakini, gənc sahibkar