İranda etirazlar davam edir. Xəbər verildiyi kimi, prezident Məsud Pezeşkian artıq etiraz aksiyalarının təşkilatçıları ilə görüşüb. Bu, onun şəxsi qərarıdırmı və görüşün proseslərə təsiri oldumu? Pezeşkiana islahatlar aparmağa nəhayət, imkan veriləcəkmi? İranın xilası odurmu? Mümkünmü?
Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Məsud Pezeşkian çox ağır vəziyyətdədir:
“Bir tərəfdən etirazların ilk günlərində o, polisə etirazçılara atəş açmamaq çağırışı edirdi. Həmçinin etirazçılara dialoq təklif edirdi. Amma vəziyyət elə həddə çatdı ki, Pezeşkianın sözünə güc strukturları faktiki məhəl qoymadılar və etirazçılar atəşə tutuldu, minlərlə insan qətlə yetirilib. Beləliklə, prezident çox ağır və arzuolunmaz vəziyyətə sürüklənib. İranda söz sahibinin mühafizəkar qanad və onun başında dayanan Əli Xamneyinin olduğu bu hadisələrdə bir daha aydın oldu. Bu güc hətta Prezidenti etirazçılara qarşı olan, rejimi müdafiə edən yürüşə qatılmağa vadar etdi. Pezeşkianın bu yürüşə qatılması İranda və beynəlxalq aləmdə birmənalı qarşılanmır. Pezeşkianın, əslində, başqa seçimi yox idi. Pezeşkian hələ ki, ali dini liderə əks mövqedən çıxış edə bilməz. Onun səlahiyyəti az olsa da ölkənin prezidentidir. Pezeşkianın etirazçıların nümayəndələri ilə görüşünün də proseslərə ciddi təsiri olmadı”.
Politoloq qeyd edib ki, Pezeşkian hələ müşahidələr aparır, qüvvələr nisbətinin necə formalaşacağından asılı olaraq seçimini edəcək: “Əgər etirazlar yatırılmağa doğru getsə Pezeşkian ali dini liderlə eyni mövqedən çıxış edəcək. Əgər vəziyyət daha da inkişaf etsə və etiraz dalğası daha geniş miqyas alsa və etirazçılar üstün mövqeyə keçsələr və rejim dağılmağa doğru getsə Pezeşkian etirzaçıların tərəfinə keçəcək və İranda dəyişikliklər tələb edəcək. Mümkündür ki, Konstitusiyanın yenidən formalaşması, dünyəvi dövlətə keçid məsələsində Pezeşkian lider rolunu oynasın. Əgər Pezeşkian ikinci variantda da gözləmə mövqeyində qalsa o zaman onun mövqeləri daha da zəifləyəcək və gələcək dəyişikliklərdə ona böyük ehtimalla yer olmayacaq”.