Вернуться назад Распечатать

Kəmaləddin Heydərov Malayziyadadır

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nazirliyin nümayəndə heyəti Malayziyaya səfər edib.

1xeber.media  xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Malayziya Mülki Müdafiə Qüvvələrinin baş komissarı Məhəmməd Abidin Abd Rəhman ilə görüşüb.

Görüşdə iqlim dəyişikliyi, təbii fəlakətlərin intensivləşməsi və texnogen qəzalar fonunda fövqəladə halların idarə edilməsi sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətinin daha da artdığı vurğulanıb.

Qeyd olunub ki, ölkələrimiz arasında dostluq və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq çərçivəsində Azərbaycan ilə Malayziyanın fövqəladə hallarla mübarizə üzrə məsul qurumları arasında fəlakətlərin və böhranların idarə edilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, birgə təlim və ixtisasartırma proqramlarının həyata keçirilməsi qarşılıqlı faydalıdır. Bu kontekstdə hazırki səfərin və aparılan müzakirələrin əlaqələrin genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.