Azərbaycan diasporunun fəaliyyəti möhkəm təməllər üzərində qurulub və bu təməllər üzərində müstəqillik illərində böyük inkişaf yolu keçib.
Ulu Öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra diasporumuz da yeni inkişaf mərhələsinə qədəm qoydu.
Bunu 1xeber.media Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra digər sahələrdə olduğu kimi, diaspora fəaliyyətinə də xüsusi öndəm verdi.
“Heydər Əliyev bütün xarici səfərləri zamanı diaspora nümayəndələri ilə görüşür, onlara diaspora fəaliyyətinin vacibliyi və istiqamətləri barədə tövsiyələrini verirdi. Digər sahələrdə olduğu kimi, dünya azərbaycanlılarının təşkilatlanması, diaspor quruculuğunda da Ümummilli Lider Heydər Əliyevin böyük rolu oldu. Elə Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsinə də məhz Heydər Əliyevin təşəbbüsü ilə başlanıldı.
Bildiyiniz kimi, Dünya Azərbaycanlılarının ilk Qurultayı "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilib.
Ulu öndərin əsasını qoyduğu bu ənənə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 2006-cı il martın 16-da II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də IV qurultayların keçirilməsi dünya azərbaycanlıları arasında əlaqələrin möhkəmlənməsinə imkan yaratdı”, - o deyib.
Afət Həsənova qeyd edib ki, V qurultay doğma Şuşamızda baş tutdu.
“Əlbəttə bu qurultay çox qürurverici idi və diaspora fəaliyyətinin güclənməsinə böyük təkan verdi. 44 günlük müharibədə tarixi Zəfərdən sonra dünya azərbaycanlılarının qurultayının Şuşada keçirilməsinin çox böyük tarixi əhəmiyyəti və rəmzi mənası var idi. Dünya azərbaycanlıları qalib xalqın nümayəndələri kimi qürurla azad Şuşamızda toplaşdi. Bu eyni zamanda Azərbaycan dövlətinin gücünün və dünya azərbaycanlılarının möhkəm həmrəyliyinin təzahürü idi.
Bu gün də Azərbaycan diasporu öz inkişafını davam etdirir, yeni təşkilatlar yaradılır, dünyada yaşayan soydaşlarımız arasında əlaqələr möhkəmlənir",- deyə o əlavə edib.