“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd edilən avtomobil yolları üzrə layihələrdən 25-i yol infrastrukturunun tikintisi ilə əlaqədardır.
1xeber.media xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
O qeyd edib ki, hazırda bu layihələrdən dördünün (Bilgəh–Novxanı–VAZ dairəsi–Xırdalan–M-4; Akademik Həsən Əliyev–“Koroğlu” metrostandiyası; Xaqani Rüstəmov–Ağa Nemətulla; VAZ dairəsi–M4 Şamaxı yolu) tikintisi icra edilir: “Bu il daha 4 yolun tikintisinin başlaması nəzərdə tutulub (Məhəmməd Xiyabani–Dairəvi-1; M-4–Xırdalan (mərkəz) tunel; Xırdalan dairəsi; Əbdülvahab Salamzadə–Ziya Bünyadov).
Yol hərəkətinin yenidən təşkili ilə bağlı ümumilikdə 10-dan çox layihə icra olunur. Yol nişanları və nişanlanma xətləri ilə bağlı da işlər həyata keçirilib. Görülən işlər çərçivəsində 32000 yol nişanı, 407 ədəd LTP tipli məlumat lövhəsi quraşdırılıb, 1,7 milyon kvadratmetr xətlənmə işləri görülüb. Ümumilikdə yol hərəkəti təhlükəsizliyini artıran 60 layihə icra edilib”.