Hələ ötən ilin sonlarına doğru “Bakı Metropoliteni” QSC zərərlə işlədiyini, mövcud qiymətlərin xərcləri qarşılamadığını bildirirdi.
1xeber.media Tribuna.az-a istinadla xəbər verir ki, həmin dönəmdə QSC rəhbərliyi yeni təkliflər hazırladğını və məsafəyə uyğun olaraq gediş haqqlarını müəyyən edəcəklərini də vurğulamışdı.
Dünən məlum olub ki, “Bakı Metropoliteni” növbəti tenderini yekunlaşdırıb. Belə ki, QSC videomüşahidə infrastrukturunun modernləşdirilməsinə dair xidməti satın alıb. Bu məqsədlə “İTECH GROUP” MMC ilə müqavilə imzalayıb. QSC şirkətə görüləcək işlərə görə, 1 milyon 915 min 848 manat ödəyəcək.
Təbii ki, metroda videomüşahidə vacibdir. Lakin “indiki gediş haqqı sərf etmir” deyən bir qurumun son bir ildə keçirdiyi tenderlərə diqqət edilərsə, bir sıra xərclərin ya şişirdildiyi, ya da lüzumsuz olduğu aşkarlana bilər. Məsələn, “Bakı Metropoliteni” yanvarın 16-da informasiya təhlükəsizliyinin gücləndirilməsinə dair xidmətlərə 308 min 880 manat pul xərcləməyi öhdəsinə götürüb. Bu məqsədlə “SMARTIT” MMC ilə müqavilə bağlayıb. Maraqlıdır, QSC hansı informasiya təhlükəsizliyindən bəhs edir? Və bunun üçün bu qədər böyük vəsaitin xərclənməsinə nə lüzum var?
Ümumilikdə götürdükdə, dövlət qurumlarının bir çoxu il ərzində bəzi ciddi əhəmiyyət daşımayan işlərə böyük pullar xərcləyirlər. Elə bu səbəbdən də əskəriyyətdə yanlış təsəvvürlər yaranır və əsaslı olaraq şübhələr meydana çıxır. İnsanlar ddüşünürlər ki, belə şişirtmə rəqəmlər ya israfın əlamətidir, ya da korrupsiya halıdır.