Вернуться назад Распечатать

İran ABŞ-a mesajını verdi: “Real danışıqlara hazırıq”

İran ABŞ-la yalnız real və səmimi dialoq çərçivəsində danışıqlara hazır olduğunu bəyan edib.

Əgər Vaşinqton doğrudan da razılığa gəlmək üçün beynəlxalq normalara uyğun həqiqi danışıqlara hazırdırsa, Tehran Amerika administrasiyası ilə dialoqa açıqdır.

1xeber.media xəbər verir ki, bu barədə İran Məclisinin (birpalatalı parlament) sədri Məhəmməd Bağır Qalibaf CNN-ə müsahibəsində bildirib.

Qalibafın sözlərinə görə, söhbət ABŞ prezidenti Donald Trampın istədiyi formada, yəni öz iradəsini qarşı tərəfə qəbul etdirməyə yönəlmiş danışıqlardan getmir:

“Əgər bunlar beynəlxalq normalar çərçivəsində aparılan real danışıqlardırsa, bəli. Lakin Trampın istədiyi danışıqlar bu deyil. O, sadəcə öz iradəsini başqalarına diqtə etmək istəyir”.

İran parlamentinin sədri qeyd edib ki, əgər Tramp həqiqətən dürüstdürsə və Nobel Sülh Mükafatını qazanmaq niyyətindədirsə, o zaman real sülhə can atmalıdır:

“Bunun üçün əvvəlcə müharibəni qızışdıranlardan və İranın tabe edilməsini istəyən qüvvələrdən uzaqlaşmalıdır”.

Qalibaf əlavə edib ki, Tramp İranla müharibəyə başlaya bilər, lakin onun nəticələrini idarə edə bilməz:

“Evindən minlərlə kilometr uzaqda yerləşən Yaxın Şərqə göndərilən minlərlə Amerika əsgəri mütləq əziyyət çəkəcək. Bu isə yaxşı deyil”.

Xatırladaq ki, İranın Ali Liderinin müşaviri Əli Şamxani də bir müddət əvvəl Tehranın ABŞ-ın istənilən təcavüzkar addımını tammiqyaslı müharibənin başlanğıcı kimi qiymətləndirəcəyini və cavabın gecikməyəcəyini bəyan edib.