Azərbaycan teatrlarında bəzi vəzifələrin ləğv olunması ilə bağlı yeni qərar qəbul edilib.
Ləğv olunan vəzifələrdə çalışan əməkdaşların statusu necə olacaq? İşsiz qalacaqlarmı, yoxsa Nazirlik tərəfindən başqa imkanlar təqdim ediləcək?
1xeber.media xəbər verir ki,məsələ ilə bağlı Nazirliyinin mətbuat xidmətindən Tribuna.az-a açıqlamada bildirilib:
“Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiq edilib. Qəbul edilmiş dəyişikliklər ölkə üzrə fəaliyyət göstərən 23 dövlət teatrını əhatə edir”.
Bu dəyişikliyinin əsas məqsədindən bəhs edən qurum əlavə edib:
“Dəyişikliklərin əsas məqsədi teatrların idarəetmə mexanizmlərini müasir tələblərə uyğunlaşdırmaq, funksional bölgünü dəqiqləşdirmək, qərarvermə prosesini çevikləşdirmək və yaradıcılıq fəaliyyətinin daha səmərəli təşkilinə şərait yaratmaqdır”.
İşsizliklə bağlı məsələyə gəldikdə qurum vurğulayıb:
“Xeyr. Bu dəyişikliklər iş yerlərinin ixtisarı ilə bağlı deyil. Söhbət idarəetmə və funksional bölgünün yenidən qurulmasından gedir. Hazırda bu vəzifələri icra edən şəxslər teatrların yenilənmiş strukturuna uyğun olaraq fəaliyyətlərini davam etdirirlər. Hazırda həmin şəxslər teatrların yenilənmiş strukturuna uyğun olaraq:
quruluşçu rejissor,
yaradıcı şöbə müdiri,
rəssam,
quruluşçu rəssam
vəzifələrində fəaliyyətlərini davam etdirirlər”.