Вернуться назад Распечатать

Anar Bağırov vəkillərin sayını açıqladı

"Vəkillər Kollegiyası hüquqi dövlətin möhkəmləndirilməsində, ədalət mühakiməsinin həyata keçirilməsində, insan hüquq və azadlıqlarının peşəkar müdafiəsinin təmin olunmasında xüsusi məsuliyyət daşıyan müstəqil institutdur".

1xeber.media xəbər verir ki, bu barədə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Bakıda keçirilən Vəkillərin ümumrespublika konfransıda bildirib.

A.Bağırov qeyd edib ki, vəkillik fəaliyyəti hər zaman yüksək məsuliyyət, prinsipiallıq və fədakarlıq tələb edən şərəfli bir peşə olub. Cəmiyyətin ədalətə olan inamının formalaşmasında, vətəndaşla dövlət arasında hüquqi balansın və etimadın təmin edilməsində məhz vəkillər mühüm körpü rolunu oynayırlar:

"Keçirilən bu Konfrans isə həmin məsuliyyətin hərtərəfli təhlil edilməsi, Vəkillər Kollegiyasının fəaliyyətinin nəticələrinin ümumiləşdirilməsi, eləcə də qarşıdakı dövr üçün strateji prioritetlərin müəyyən olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxışının təmin edilməsi, müdafiə hüququnun effektiv həyata keçirilməsi və məhkəmə icraatında tərəflərin bərabərliyinin qorunması müstəqil vəkillik fəaliyyətinin konstitusion əsaslarını təşkil edir və bu institutun cəmiyyət üçün əhəmiyyətini bir daha təsdiqləyir. Güclü və müstəqil vəkillik institutu olmadan ədalətli məhkəmə araşdırmasından və hüququn aliliyindən danışmaq mümkün deyil".

A.Bağırov deyib ki, Post-sovet məkanında vəkillik institutuna tam müstəqillik verən ilk dövlətlərdən biri Azərbaycan olmuşdur:

"Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun imzalanmış, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşmışdır.

Azərbaycanda vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində qəbul edilmiş çoxsaylı normativ-hüquqi aktlar və islahatlar Ulu Öndərin layiqli davamçısı, möhtərəm cənab Prezident İlham Əliyevin adı ilə də birbaşa bağlıdır.

Prezidentin “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsi, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunmuşdur. Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən tətbiq olunduğunu nəzərə alsaq, qeyd edilməlidir ki, 2004-2018-ci illər ərzində (14 il ərzində) cəmi 5 yazılı test imtahanı keçirilib. Son 3 ildə 6 yazılı test imtahanı keçirilmişdir. Ümumilikdə isə son 8 il ərzində isə bu rəqəm 16-ya çatıb. Bu 16 imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 1 975 nəfər icbari təlim mərhələsini uğurla başa vuraraq and içib və nəticədə ölkəmizdə vəkillərin sayı 3 dəfədən çox artaraq 2825-ə çatmışdır. Qeyd olunan vəkillərdən 2706 nəfəri aktiv vəkillik fəaliyyəti ilə məşğuldur, 12 vəkilin fəaliyyəti müvəqqəti dayandırılıb, 107 vəkil isə dövlət qulluğundadır".