Вернуться назад Распечатать

Cəmiyyətin intellektual potensialını formalaşdıran əsas qüvvə

 
 Azərbaycan Respublikasında gənclər siyasəti dövlət siyasətinin mühüm və prioritet istiqamətlərindən biridir. Hər il fevral ayının 2-də qeyd olunan Azərbaycan Gəncləri Günü ölkə gəncliyinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda rolunun artırılmasına xidmət edən ardıcıl və məqsədyönlü dövlət siyasətinin təntənəsidir.

Bu əlamətdar gün gənclərə göstərilən diqqət və qayğının, onlara olan yüksək etimadın bariz ifadəsidir.
Gənclərə hər zaman böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Liderimiz Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi
hesab edib.

Ulu Öndərimizin bu sahədə  həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına, zəngin elmi potensialın yaradılmasına, onların dünyagörüşü və intelektual səviyyələırinin artırılmasına və
vətənpərvərlik ruhunun artırılmasına xidmət edib.

Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə hər zaman önəm verərək deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət
etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik”.

Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai- siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları gözəl bilən görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və idman Nazirliyi yaradıldı. Bundan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlərin həyata keçirilməsinə başlanıldı.

Aparılan siyasətin davamı olaraq Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq məqsədilə 1996-cı il
yanvarın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən 2 fevral 1996-cı il tarixdə Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. I Forumda gənclərin sosial problemləri, təhsili, məşğulluğu, dövlət idarəçiliyində iştirakı və
perspektiv inkişaf istiqamətləri üzrə geniş müzakirələr aparıldı və mustəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələr müəyyənləşdirildi.

1997-ci il fevralın 1-də gənclərin I Forumunun ildönümü münasibəti ilə gəncləri qəbul edən Ulu Öndər 2 fevralın Azərbaycanda Gənclər Günü elan edilməsi barədə Sərəncam imzaladı. Bununla da Azərbaycan gəncləri dövlət səviyyəsində bayram günü olan nadir ölkələrdən birinə çevrildi. Ölkəmizdə gənclər siyasətinə verilmiş yüksək dəyərin təzahürü olaraq həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə
olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə, gənclərin forumları isə mütəmadi olaraq keçirilməyə başladı.  

Görülən işlərin davamı olaraq 1999-cu ildə  Azərbaycan gənclərinin II, 2003-cü il ildə III forumu keçirildi. Bu toplantılarda  I forumdan ötən dövr ərzində görülmüş işlər qiymətləndirildi Gənclərə Azərbaycançılıq məfkurəsinin aşılanması yolları müəyyənləşdirildi.
Ulu Öndərin gənclərə etimadı bu gün bəhrələrini verməkdədir. Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini bu sahəyə olan diqqəti və qayğısı ilə təsdiqləyir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial
müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər
təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan da bunun ifadəsidir.

2003-cü ildən sonrakı dövrdə cənab Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf
istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Prezident İlham Əliyev Ulu
Öndərin müəyyən etdiyi strateji xətti müasir çağırışlara uyğun şəkildə davam etdirərək
gənclərin hərtərəfli inkişafını təmin edən kompleks proqramlar həyata keçirir. Gənclərin
məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətinə cəlb olunması, innovativ ideyaların
dəstəklənməsi, startap ekosisteminin formalaşdırılması dövlət siyasətinin əsas

prioritetlərindəndir. Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə
olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin
edilməsi məqsədilə Cənab Prezidentin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan
Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncam, 2007-ci
ilin “Gənclər İli” elan edilməsi,  2011-ci ildə Gənclər Fondu yaradılması və  2013-cü ildə ölkədə
ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis olunması gənclərə ölkə Prezidentinin
növbəti qayğısı oldu. 
Gənclər siyasətinin davamı olaraq 2005-ci il ildə IV, 2008-ci ildə V, 2011-ci ildə VI,
2014-cü ildə VII, 2018 və nəyahət, 2020-ci illərdə VIII-IX Azərbaycan Gənclər Formu,
həmçinin 2 fevral 2022-ci ildə keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş
Gənclər Forumu Azərbaycanın qlobal dialoqlar və beynəlxalq əməkdaşlıq üçün mühüm
mərkəz olduğunu bir daha sübut etmişdir.
Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər
siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir.
Gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və
qayğının davamı olaraq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə
Dövlət Proqramı” və “2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində gənclərin dünyanın
məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi xüsusi diqqətə layiqdir. Həmçinin
“Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc
istedadlarına dövlət qayğısı haqqında” Prezident fərmanları bu istiqmətdə görülən mühüm
tədbirlərdəndir.
Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının
təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət
səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. “Gənclər siyasəti haqqında”, “Bədən
tərbiyəsi və idman haqqında” qanunlar, habelə “Gənc ailə” proqramı, “Gənclərdə
vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və
yaradıcı gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönəlmiş, onların öz
qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş
gənclərin məşğulluğu” Dövlət Proqramı, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramı, Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “Azərbaycan 2020:
Gələcəyə baxış” İnkişaf Konsepsiyası “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf
Strategiyası” dövlətimizdə gənclərə göstərilən qayğının barız nümunəsidir.
Müasir dövrdə gənclər cəmiyyətin intellektual potensialını formalaşdıran əsas qüvvədir.
Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar gənclərin rəqabətqabiliyyətli kadrlar
kimi yetişməsinə xidmət edir. Rəqəmsal bacarıqların inkişafı, informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi, elmi tədqiqatların stimullaşdırılması gənclərin bilik və bacarıqlarının
artırılmasına şərait yaradır. Gənclər beynəlxalq olimpiadalarda, elmi konfranslarda, idman
yarışlarında və mədəni tədbirlərdə ölkəmizi layiqincə təmsil edərək Azərbaycan adını
yüksəklərə qaldırırlar.
Azərbaycan gəncliyi qloballaşan dünyada milli kimliyini qoruyub saxlayan, milli-mənəvi
dəyərlərə sadiq bir nəsildir. Dilimizə, tariximizə, mədəniyyətimizə olan bağlılıq gənclərin əsas
xüsusiyyətlərindəndir. Dövlət tərəfindən həyata keçirilən mədəni layihələr, gənclərin
maarifləndirilməsi bu dəyərlərin qorunmasına xidmət edir. Xüsusilə könüllülük fəaliyyəti son
illərdə gənclərin sosial fəallığının artmasına, ictimai məsuliyyət hissinin formalaşmasına
mühüm töhfə vermişdir.
Dövlət başçısı cənab İlham Əliyevin başçılığı ilə həyata keçirilən uğurlu siyasətin gənclər
arasında vətənpərvərlik hisslərinin daha da artmasına əyani sübut kimi Vətən müharibəsinin
ilk günündən gənclərin işğal altındakı torpaqlarımızın azadlığı uğrunda mübarizə əzmini
göstərmək olar. Müharibə dövründə gənclərin dövlətə, Vətənə bağlılığının nə qədər
əhəmiyyətli olduğuna şahidlik etdik. Vətən müharibəsindəki şanlı Zəfərin əldə olunmasında
gənclərimiz misilsiz qəhrəmanlıqlar göstərdilər. Bununla bağlı ölkə Prezidenti cənab İlham
Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda giriş
nitqində demişdir: “Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq
gənclərimizlə fəxr edə bilərik”. Bu gün isə Azərbaycan gəncləri işğaldan azad olunmuş
torpaqlarımızın dirçəlməsində, abadlaşmasında fəal iştirak edirlər.

2 Fevral – Azərbaycan Gəncləri Günü gənclərin ölkənin sosial-iqtisadi inkişafında, dövlət
quruculuğunda və milli təhlükəsizliyin təminində mühüm rolunu bir daha nümayiş etdirir. Bu
gün gənclərə olan etimadın, dövlət qayğısının və gələcəyə yönəlmiş strateji baxışın ifadəsidir.
Azərbaycan gəncliyi bu gün də, gələcəkdə də dövlətimizin etibarlı dayağı olacaq, ölkəmizin
daha da inkişaf etməsi naminə öz bilik və bacarığını əsirgəməyəcəkdir.
2 fevral-Gənclər Günü münasibətilə bütün Azərbaycan gənclərini ürəkdən təbrik edir,
onlara sağlam, uğurlu və parlaq gələcək, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin
apardığı siyasətdə bu gün olduğu kimi, hər zaman bir yumruq kimi birləşməyi arzulayırıq.
İbrahim Kərimov,
Sabirabad rayonu, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin əməkdaşı