Вернуться назад Распечатать

Ulu öndər Heydər Əliyev və Azərbaycan gəncliyi

 

Gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev ölkə
rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin
yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərimizin bu sahədə 
həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial
rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edib. Heç də
təsadüfü deyildir ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşıb, onların
problemlərini həll etməyə çalışıb.
Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq, gənc nəslin tarixi
köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək, gənclərin
elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatlar həyata
keçirmək, gənclərin təşkilatlanmasını təmin etməklə, onları müstəqilliyimizin keşiyində vahid
qüvvə kimi birləşməyə səfərbər etmək, gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli
dərəcədə artırmaq və onların məsuliyyət hissini formalaşdırmaq, Azərbaycan dövlətinin
beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə
yararlanmasına möhkəm əsaslar yaratmaq ümummilli liderin müəyyən etdiyi strateji hədəflər
olub.
Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı
gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar
üzrə təhsil almağa göndərildi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 1970-ci ildə Heydər
Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olundu. 1970-
1985-ci illərdə Sovet İttifaqının tanınmış 170 ali təhsil ocağında oxuyan azərbaycanlı
gənclərin sayı 3500-ə çatdırıldı. Məhz həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi
ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Hər il
təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Gənclər Sankt-
Peterburqda, Kiyevdə, Xarkovda, Minskdə təhsil alırdılar. Onlar Azərbaycan Respublikasının
daxil olacağı yeni dövrün problemlərini həll etməli idilər.
Yeni nəslin inkişafının əsas amili gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi
və mədəni həyatında iştirakının  təmin  edilməsidir. Bu məqsədlə ölkəmizdə rəhbərlik
tərəfindən bir çox silsilə addımlar atıldı. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-
cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. “Hər bir Azərbaycan
gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında
düşünməlidir” deyən Ulu Öndər sözügedən nazirliyin əsasını qoydu. Bu siyasi dövlət institutu
qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı.
1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin
inkişafında və bir çox vacib problemlərin  həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında
iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ
1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə
də, 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. Forumda gənclər və idman siyasəti
sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayandığından danışan
ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığının vurğuladı.
Həmin dövürdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması,
qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər
siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin tam hüquqlu vətəndaş kimi
öz gələcəyinə sahib çıxması və ona göstərilən ehtimadı doğrultmağa çalışması üçün bütün
şərait yaradıldı. Ümummilli liderimizin 1997-ci il 1 fevral tarixində imzaladığı Fərmana əsasən
həmin tarix “Azərbaycan gəncləri günü” elan edilmişdir.
Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə
qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Dövlətin gənclər siyasəti bu gün
Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə
qaldırılıb. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması müxtəlif sahələr üzrə
potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaradılıb.

Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir. Ölkə başçısının
müvafiq sərəncamları ilə 2007-ci ilin “Gənclər ili”, 2020-ci ilin “Könüllülər ili” elan edilməsi
ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən və gənclərə qayğıdan xəbər
verir.  Azərbaycanda  dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət
qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı  qüvvəyə çevirmək və onların
sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi
tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur. Gənclərin ailə-məişət
problemlərinin həllini daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata
keçirdiyi siyasət ölkə gəncləri tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin
gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda
həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir.
Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda
yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər
formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol
oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər
təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin
gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz
gücünə, istedadına inam hissini artırıb. Hər il olduğu kimi, ötən ildə də gənclərimiz iştirak
etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin
şərəfini ucaldıblar. Artıq ölkəmiz kifayət qədər inkişaf edib: Biz artıq ən mühüm, strateji
beynəlxalq tədbirlərin iştirakçısından təşkilatçısına çevrilmişik. Ölkəmizin iqtisasi və siyasi
gücü günü-gündən artmaqdadır. Belə olan təqdirdə ölkəmizə qarşı informasiya terrorunun baş
verməsi qaçılmazdır. Belə şəraitdə gənclərimiz yeni internet medianın və sosial medianın
mümkün texniki imkanlarına yaxşı bələd olmalı və ermənipərəst qüvvələrin bütün informasiya
təxribatlarına layiqli cavab verməlidirlər.
Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərərəfli inkişafı üçün şərait
yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən
müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş
etdirdi.  Müharibənin əsas ağırlığı Azərbaycan gəncinin üzərinə düşdü. Çünki amansız
döyüşlərdə əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclər oldular. Gənclərimizin
fəallığı sayəsində bütün sosial media platformalarında düşmənə adekvat cavablar verildi.
Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Hər biri öz
igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, zəfər dolu döyüş yolu ilə dillərdə dastana döndü.
Onlar bütün dünyaya Azərbaycan  gəncinin nəyə qadir olduğunu göstərdilər. Cənab İlham
Əliyev:”Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün bir çox tədbirlər görülmüşdür və
buna nail olduq. Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və
Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli
ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə
yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Əziz
şəhidlərimizin xatirəsi daim bizim qəlbimizdə yaşayacaq.”
Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən
rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti
sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək
quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də
iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı,
vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı bu prosesdə də fəal iştirakını təmin edib.    
Gənclər siyasəti ilə bağlı görülən işlər bir daha onu deməyə əsas verir ki, bu gün
ölkəmizdə vətənpərvər, milli-mənəvi dəyərlərə, Heydər Əliyev ideyalarına sadiq gənclik
formalaşdırılır, bunun üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu isə gələcək
inkişafımızın möhkəm əllərdə olacağına böyük əminlik yaradır.
Afiq Ağayev,
H.Z.Tağıyev adına 7 saylı Sabirabad şəhər tam orta məktəbinin müəllimi