Вернуться назад Распечатать

Azərbaycanda infeksion xəstəliklər artır - AÇIQLAMA

2024-cü illlə müqayisədə 2025-ci idə əhali arasında brusellyoz, kəskin hepatit B, qoturluq və su çiçəyi ilə xəstələnmə hallarında artım müşahidə olunub. Bu xəstəliklərin hamısı infeksion xəstəliklərdir. 


Bəs belə xəstəliklərdə artımı nə ilə bağlıdır?


1xeber.media xəbər verir ki,mövzu ilə bağlı Sfera.az-a açıqlama verən infeksionist Aytən Ziyadova immunitet sisteminin zəifləməsi və insanların daha çox sosial əlaqələrə girməsinin, bu xəstəliklərin yayılma sürətini artırdığını deyib. 


Onun sözlərinə görə, pandemiya dövrü sonrası sosial həyatın bərpası ilə, infeksion xəstəliklərin qarşılıqlı təsiri daha da güclənib


“Bundan əlavə, xəstəliklərin müalicəsi və diaqnostikası sahəsindəki inkişaflar nəticəsində əvvəllər daha az qeydə alınan halların bu gün daha çox üzə çıxdığını qeyd etməliyik. Bu, xəstəliklərin yayılmasının artması anlamına gəlmir, sadəcə daha çox məlumat əldə edirik. Vaksinasiya proqramlarının zəifləməsi də bu xəstəliklərin artmasına təsir etməsi mümkündür. Su çiçəyi və hepatit B kimi xəstəliklərə qarşı tətbiq edilən vaksinlərin sayı azaldıqca, bu xəstəliklər daha çox yayılmağa başlaya bilər. Bununla yanaşı, ekoloji amillər, xüsusən brusellyoz kimi zoonoz xəstəliklərin artmasına səbəb olur”.


A.Ziyadova heyvanlar arasında yayılan bu xəstəliklərin, insanlara keçərək infeksiyaya yol açdığını qeyd etdi:


“Son olaraq, sanitariya şərtlərinin zəifləməsi və sosial-iqtisadi faktorlar da xəstəliklərin artmasına təsir edir. Cəmiyyətin bir hissəsinin zəruri tibbi xidmətlərə və vaksinasiya imkanlarına çətinliklə çatması, bu tip infeksion xəstəliklərin daha sürətlə yayılmasına səbəb ola bilər.
Belə vəziyyətlərdə, bizə düşən ən vacib məsələ təhlükəsizlik və profilaktik tədbirləri gücləndirməkdir. Hər bir vətəndaşın sağlamlığı, həm də cəmiyyətin ümumi sağlamlığı üçün vaksinasiya proqramlarına qoşulmaq, sanitariya qaydalarına riayət etmək və infeksion xəstəliklərə qarşı vaxtında müayinə olunmaq həyati əhəmiyyət daşıyır. Bu dövrdə hər birimizin məsuliyyətli davranması vacibdir”.