“MayoMed” klinikasında qanunsuz tibbi fəaliyyət iddiası: Nihad Aslanov yenidən pasiyent qəbul edir?
Bir müddət əvvəl “MayoMed” klinikasında özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanovun əslində tibb sahəsi üzrə heç bir ali təhsilinin olmadığı üzə çıxdı.
1xeber.media xəbər verir ki, bu barədə Baku TV-nin qaynar xəttinə daxil olan vətəndaş müraciəti araşdırılarkən, qeyd olunub ki, Nihad Aslanov uzun müddət klinikada plastik cərrah kimi fəaliyyət göstərib və pasiyentlər qəbul edib.
Ötən il Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzi tərəfindən “MayoMed” klinikasında yoxlama aparılıb. Yoxlama zamanı Nihad Aslanovun tibb təhsili olmadığı müəyyən edilib və onun fəaliyyətinə son verildiyi iddia olunub. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, plastik cərrahiyyə ixtisası üzrə praktik tibbi fəaliyyətə icazə verilmiş həkimlərin rəsmi siyahısında Nihad Aslanovun adı yoxdur.
“2023-cü ildə ‘MayoMed’ klinikasında planlı yoxlama aparılıb, klinika inzibati məsuliyyətə cəlb edilib və həkimin fəaliyyəti dayandırılıb. Bundan sonra həmin şəxslə bağlı Analitik Ekspertiza Mərkəzinə hər hansı yeni müraciət daxil olmayıb”. Klinika inzibati qaydada məsuliyyətə cəlb edilib. Klinika tərəfindən Nihad Aslanovun artıq müəssisədə çalışmadığı barədə rəsmi məlumat təqdim edilib.
Ekspertiza Mərkəzindən həmçinin bildirib ki, yeni yayılan videogörüntülərdə əks olunan qanun pozuntuları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
Bu açıqlamalara baxmayaraq, daxil olan yeni məlumatlar vəziyyətin fərqli olduğunu göstərir. İddialara görə, Nihad Aslanov bütün cərimələrə, xəbərdarlıqlara və klinikanın inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, yenidən “MayoMed” klinikasında fəaliyyət göstərir.