Вернуться назад Распечатать

Azərbaycan sülhü sadəcə sözdə deyil, praktiki addımlarla qurur

4 fevral 2026-cı il tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində
keçirilən möhtəşəm mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Zayed
İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın xarici siyasətində və qlobal sülhə
verdiyi töhfələr kontekstində tarixi bir hadisədir. Bu mükafat dövlət başçısının regionda
davamlı sülhün bərqərar olması, multikultural dəyərlərin təşviqi və humanitar prinsiplərə
sadiqliyi istiqamətindəki fəaliyyətinə verilən beynəlxalq qiymətdir.
Dünya ictimaiyyəti çox yaxşı görür ki, Azərbaycan 35 il davam etmiş münaqişəni hərbi
mərhələdən sonra məhz siyasi mərhələyə daşıyaraq bölgədə davamlı sülhün bərqərar
olunması üçün sistemli, ardıcıl və prinsipial addımlar atır. Azərbaycan 2020-ci ildə hərbi yolla
ədaləti bərpa etdikdən sonra, qalib tərəf olmasına baxmayaraq, sülh gündəmini irəli sürən ilk
tərəf oldu. Bu, beynəlxalq münasibətlər sistemində nadir rast gəlinən bir hadisədir. Adətən
qalib tərəf şərtləri diktə edir, lakin Azərbaycan bərabərhüquqlu və suverenliyə hörmət
prinsiplərinə əsaslanan 5 maddəlik sülh təklifini təqdim etdi. Bununla da dünya birliyi bir daha
görür ki, Azərbaycan sülhü sadəcə sözdə deyil, praktiki addımlarla qurur.
Dövlət başçısının “biz Ermənistanla sülh şəraitində yaşamağı öyrənirik” fikri sülhə
yanaşmanın mahiyyətini açan mühüm tezisdir. Burada sülh bir anda əldə olunan nəticə deyil,
qarşılıqlı etimadın, psixoloji baryerlərin aradan qaldırılmasının və uzunmüddətli əməkdaşlıq
mədəniyyətinin formalaşması prosesi kimi təqdim olunur. Uzun illər davam etmiş münaqişəyə,
əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülhün mümkünlüyü ideyası məhz bu
baxışdan qaynaqlanır. 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın ev sahibliyi
etdiyi üçtərəfli Zirvə Görüşündən sonra ötən altı ayın münasibətlərin inkişafı baxımından
mühüm mərhələ kimi qiymətləndirilməsi, sülh prosesinin tədricən institusional çərçivə
qazandığını göstərir. Son altı ayın təhlili göstərir ki, Azərbaycan və Ermənistan arasında
münasibətlər ritorikadan real işbirliyinə keçid edir. Vaşinqton görüşündən sonra tərəflər
arasında sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində atılan
addımlar sülhün “praktiki öyrənilməsi” prosesinin tərkib hissələridir. Bu yanaşma beynəlxalq
ictimaiyyət üçün də bir çağırışdır. Azərbaycan nümayiş etdirir ki, ən mürəkkəb münaqişələrdən
sonra belə, siyasi iradə və qarşılıqlı hörmət olduqda, sülh mədəniyyətini yenidən inşa etmək
mümkündür.
Cənab Prezidentin Əbu-Dabi mərasimindəki çıxışında dinlərarası dialoq məsələsinə
xüsusi yer ayırması beynəlxalq ictimaiyyətə ünvanlanmış mühüm bir mesajdır. Bu mesajın
mahiyyəti ondan ibarətdir ki, Azərbaycan sadəcə coğrafi və siyasi deyil, həm də mənəvi və
mədəni bir körpüdür. Dünyada ksenofobiya, islamofobiya və dini ayrı-seçkiliyin artdığı bir
dövrdə, Prezidentin Azərbaycanı “əsrlər boyu müxtəlif dinlərin sülh içində yaşadığı məkan”
kimi təqdim etməsi qlobal böhranlara qarşı ən güclü cavabdır. Azərbaycanın multikulturalizm
modeli bu gün münaqişələrin həlli və radikalizmlə mübarizə üçün universal bir düstur kimi çıxış
edir.
Beləliklə, “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın apardığı xarici siyasətin
sülhsevər mahiyyətini bir daha sübut etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
həm meydanda, həm də masada qazandığı uğurları indi mənəvi və humanitar qələbələrlə
taclandırır. Bu, təkcə bölgə üçün deyil, bütün bəşəriyyət üçün bir ümid və qardaşlıq mesajıdır.

Afiq Ağayev,
H.Z.Tağıyev adına 7 saylı Sabirabad şəhər tam orta məktəbinin müəllimi