Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə
(BƏƏ) səfəri, sadəcə növbəti diplomatik hadisə deyil. Bu səfər Bakı ilə Əbu-Dabi arasında
münasibətlərin artıq qarşılıqlı etimada, regional təhlükəsizlik məsələlərinə ortaq baxışa və
gələcəyə dair ümumi vizyona əsaslanan yetkin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini
təsdiqləyir. Qısa tarixi müddət ərzində BƏƏ Azərbaycanın Yaxın Şərqdə ən yaxın
tərəfdaşlarından birinə çevrilib. Əməkdaşlığımız artıq yalnız ticarət-iqtisadi gündəmlə
məhdudlaşmır. Bu gün münasibətlər enerji, investisiya, “yaşıl” texnologiyalar, humanitar sahə
və xüsusilə təhlükəsizlik istiqamətlərini də əhatə edir. Azərbaycanın iqtisadi transformasiya və
postmünaqişə bərpası mərhələsində BƏƏ şirkətlərinin fəallığı, bərpa olunan enerji layihələrinə
maraq göstərməsi tərəfdaşlığın praktik ölçüsünü aydın şəkildə ortaya qoyur.
Xatırladaq ki, ötən ilin sentyabrında BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanın
Bakıya və Şuşaya səfəri xüsusi siyasi və simvolik məna daşıyırdı. Bu addım Azərbaycanın
regionda formalaşdırdığı yeni reallıqların qəbul edildiyini və ölkəmizin suveren seçiminə
hörmət göstərildiyini nümayiş etdirdi. Qarabağa səfər isə BƏƏ-nin Azərbaycanı uzunmüddətli
tərəfdaş kimi gördüyünün və postmünaqişə dövründə həyata keçirilən bərpa-quruculuq
proseslərinə açıq dəstəyinin göstəricisi oldu. Bu, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin
Cənubi Qafqazda sabitliyin möhkəmlənməsində Azərbaycanın rolunu yüksək
qiymətləndirdiyini də ortaya qoydu.
Bu gün dövlət başçımızın BƏƏ-yə səfəri həmin siyasi xəttin davamlı xarakter daşıdığını
təsdiqləyir. Tərəflər münasibətləri sadəcə bəyanatlar səviyyəsində deyil, konkret layihələr və
institusional mexanizmlər üzərindən möhkəmləndirirlər. Yüksək səviyyəli dialoqun intensivliyi
göstərir ki, Bakı və Əbu-Dabi qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli əməkdaşlıq
modelini ardıcıl şəkildə inkişaf etdirir. Azərbaycan–BƏƏ münasibətlərində xüsusi diqqət çəkən
istiqamətlərdən biri də hərbi əməkdaşlıqdır. Birgə hərbi təlimlərin keçirilməsi tərəfdaşlığın
keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. İndiyədək Azərbaycan bu cür dərin
hərbi əməkdaşlıq formatını əsasən Türkiyə ilə həyata keçirirdi. Bu gün isə strateji etimad
dairəsinə BƏƏ də qoşulub. Bu təlimlər təkcə döyüş hazırlığı elementi deyil. Söhbət iki ölkənin
silahlı qüvvələri arasında operativ əlaqələrin qurulmasından, təcrübə mübadiləsindən və
ümumi müdafiə potensialının gücləndirilməsindən gedir. Əslində, bu əməkdaşlıq müsəlman
dünyasında təhlükəsizlik sahəsində yeni tərəfdaşlıq modelinin formalaşmasına xidmət edir.
Bu, sözlərə deyil, real qarşılıqlı fəaliyyətə əsaslanan bir modeldir. Bu, həm də qardaşlıq
münasibətlərinin praktik təzahürü kimi qiymətləndirilə bilər.
Azərbaycan–BƏƏ yaxınlaşmasının daha geniş geosiyasi ölçüsü də var. Beynəlxalq
münasibətlərin sürətlə dəyişdiyi, qlobal güc balanslarının yenidən formalaşdığı bir dövrdə
Azərbaycan Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya arasında körpü rolunu getdikcə
gücləndirir. BƏƏ isə Bakını regionda sabitliyə töhfə verə bilən, etibarlı və proqnozlaşdırılan
tərəfdaş kimi qəbul edir. Bu qarşılıqlı yanaşma radikal meyllərin qarşısının alınması,
konstruktiv regional gündəliyin təşviqi və təhlükəsizlik mühitinin möhkəmləndirilməsi
baxımından da mühüm əhəmiyyət daşıyır.
Bu gün artıq əminliklə demək olar ki, Azərbaycan təkcə enerji tərəfdaşı kimi deyil, həm
də sülh, inkişaf və postmünaqişə bərpası gündəliyini formalaşdıra bilən mühüm siyasi aktor
kimi qəbul olunur. BƏƏ ilə strateji tərəfdaşlıq isə bu yeni statusun parlaq göstəricilərindən
biridir. Əminliklə deyə bilərik ki, əldə olunmuş yüksək etimad səviyyəsi və çoxşaxəli
əməkdaşlıq gələcəkdə daha da dərinləşəcək, ölkələrimiz sürətlə dəyişən dünya çağırışlarına
birlikdə cavab verəcək və regionda davamlı sabitliyə töhfələr verəcək.
Ağalar Ağammədov,
Sabirabad rayonu, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin məsləhətçisi