Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri bir çox mühüm hadisələrlə
yadda qaldı. İlk növbədə ölkələrarası münasibətlərin inkişafı baxımından vacib görüşlərin
keçirilməsi, strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi,
enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlığın
daha da gücləndirilməsi məsələlərinin müzakirə edilməsi, Azərbaycan və BƏƏ prezidentlərinin
iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının
müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə
bağlı alqı-satqı müqaviləsinə dair sənədin və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması
barədə niyyət məktubu da imzalanması, həmçinin, Azərbaycanın və Birləşmiş Ərəb
Əmirliklərinin Silahlı qüvvələri arasında keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki
təliminin keçirilməsi- bütün bunlar ikitərəfli əlaqələri daha da möhkəmləndirəcəkdir.
Digər mühüm məqam, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə
Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş idi. Bu görüş Cənubi
Qafqazın memarlığının necə dəyişdiyini və bu gün regionda oyun qaydalarını kimin müəyyən
etdiyini bir daha əyani şəkildə nümayiş etdirdi. Dialoqun özü, onun müntəzəm xarakter alması,
məzmunu və dinamikası Bakının strateji kursunun və dövlət başçısının şəxsi liderliyinin
birbaşa nəticəsidir. Bir müddət əvvəl bu cür görüşlər qeyri-mümkün görünürdü. Onilliklər boyu
Ermənistan daimi münaqişə məntiqi ilə yaşayaraq qarşıdurmanı qoruyub saxlamış, siyasətini
miflər və ərazi iddiaları üzərində qurmuşdu. Bu model artıq çökmüşdür. Prezident İlham
Əliyevin siyasi qətiyyəti nəticəsində Azərbaycan köhnə sistemi dağıtmaqla kifayətlənmədi, o,
həm də İrəvan üçün manevr və illüziya imkanlarının qalmadığı yeni bir reallıq formalaşdırdı.
Bu gün Ermənistan Bakının müəyyən etdiyi şərtləri qəbul etməyə məcburdur. Prezident İlham
Əliyev və Baş nazir Nikol Paşinyan arasında görüşlərin artıq nadir istisna olmaması da
diqqətəlayiq məqamdır. Dialoq davamlı prosesə çevrilib. Bu, vasitəçilərin təşəbbüsü ilə deyil,
Azərbaycanın sülh gündəliyini öz inkişaf strategiyasının tərkib hissəsi kimi ardıcıl şəkildə irəli
aparması nəticəsində baş verir. Prezident İlham Əliyev hər zaman gələcəyə – mehriban
qonşuluğa, birgə layihələrə və iqtisadi qarşılıqlı asılılığa üstünlük verir, qələbəni isə qəti və
mübahisəsiz nəticə kimi möhkəmləndirir. Danışıqların formatı ilə bağlı Bakının prinsipial
mövqeyi xüsusi diqqətə layiqdir. Azərbaycan açıq şəkildə bəyan edib ki, Bakı ilə İrəvan
arasındakı bütün məsələlər ikitərəfli qaydada həll olunmalıdır. Beynəlxalq platformalar
görüşlər üçün şərait yarada bilər, lakin ikitərəfli dialoqu əvəz edə bilməz. Faktiki olaraq, İrəvan
da bu məntiqə əməl edir. Əbu-Dabi ötən ilin yayında olduğu kimi, bu dəfə də əhatəli və
məzmunlu müzakirələrin aparıldığı məkana çevrildi. Tərəflər ABŞ Prezidenti Donald Trampın
iştirakı ilə keçirilmiş Vaşinqton sülh sammitindən sonra əldə olunan irəliləyişi qeyd etdilər.
Lakin daha vacib olan başqa məqamdır: sülh artıq kağız üzərində deyil, gündəlik həyatda hiss
olunmağa başlayıb. İkitərəfli ticarətin başlanması, Azərbaycan neft məhsullarının Ermənistana
ixracı, taxılın Azərbaycan ərazisindən tranziti – bütün bunlar Bakıda qəbul edilən qərarların
birbaşa nəticəsidir.
Məhz Prezident İlham Əliyev Ermənistana tranzitə icazə verərək ilk addımı atdı. Noyabr
ayında müvafiq qərar qəbul olundu və artıq dekabrda Azərbaycan ərazisindən Ermənistana
Qazaxıstan buğdası ilə yüklənmiş ilk vaqonlar yola salındı, ardınca isə Rusiyadan tədarüklər
başladı. Bu gün artıq söhbət yüzlərlə ton taxıldan gedir. Lakin ən bariz siqnal Azərbaycan
yanacağının müntəzəm tədarükünün başlanması oldu. Bu, artıq birdəfəlik xoşməramlı jest
deyil, hətta Ermənistan istehlakçılarının da hiss etdiyi davamlı praktikadır – yanacaqdoldurma
məntəqələrində qiymətlər aşağı düşməyə başlayıb. Real iqtisadi qərarlarla möhkəmləndirilmiş
sülh məhz belə görünür. Gündəliyin digər mühüm elementi TRIPP layihəsi və regional
marşrutların inkişafı da daxil olmaqla nəqliyyat layihələridir. Hazırda yüklər üçüncü ölkələrdən
keçməyə məcbur qalır, bu isə vaxt və maliyyə itkisinə səbəb olur. Birbaşa yolların, xüsusilə
“Tramp Marşrutu”nun (Zəngəzur Dəhlizinin) açılması regionun logistikasını köklü şəkildə
dəyişə bilər. Burada xatırlatmaq yerinə düşər ki, müharibə başa çatdıqdan sonra Azərbaycan
ilk gündən kommunikasiyaların blokadadan çıxarılmasını sülh prosesinin əsas prioritetlərindən
biri elan etmişdi. Məhz Bakı son illər ərzində ardıcıl şəkildə Zəngəzur dəhlizi ideyasını irəli
sürüb. Bu, təkcə avtomobil və dəmir yollarını deyil, həm də boru kəmərlərini, elektrik ötürücü
xətləri və Orta Dəhlizə inteqrasiyanı əhatə edən nəhəng potensiala malik layihədir.
Nəticədə Cənubi Qafqazda yeni bir reallıq formalaşır – burada regionun gələcək
istiqamətini məhz infrastruktur və iqtisadiyyat müəyyən edir. Ermənistan üçün bu, keçmiş
səhvləri təkrarlamadan öz trayektoriyasını dəyişmək üçün nadir imkandır. Azərbaycan
Prezidenti heç vaxt əvvəlcədən nəticəsiz olacağı bəlli olan dialoqlara vaxt sərf etmir. Dialoq
yalnız reallığı qəbul etməyi və nəticə çıxarmağı bacaran tərəflərlə mümkündür. Aydındır ki,
Əbu-Dabidəki görüş Nikol Paşinyanın praqmatizm dilinə keçməyə məcbur olması sayəsində
baş tutub. Onun əvvəlki qərarları həm erməni, həm də azərbaycanlı xalqa baha başa gəlib,
lakin bu gün hərəkət istiqamətini məhz Bakı müəyyən edir. Prezident İlham Əliyevin
strategiyası bütün səviyyələrdə – hərbi, siyasi, iqtisadi və diplomatik müstəvilərdə öz
effektivliyini sübut edib. Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib,
eyni zamanda qələbəni dayanıqlı sülh prosesi ilə möhkəmləndirib. Ermənistanla davam edən
dialoq göstərir ki, dövlət başçısının kursu təkcə regionda deyil, onun hüdudlarından kənarda
da analoqu az olan effektiv strategiya nümunəsidir.
Nəhayət, dünya ictimaiyyəti dünən əlamətdar bir hadisənin - nüfuzlu beynəlxalq təşkilat
tərəfindən rəsmi Bakının sülhsevər mövqeyinin faktiki olaraq tanınmasının və
dəstəklənməsinin şahidi oldu. Azərbaycan–Ermənistan normallaşma prosesinə dünyada
böyük maraq göstərilir. Bu, təsadüfi deyil. Azərbaycan- Ermənistan nizamlanması müasir
dövrümüzün ən uğurlu sülh prosesidir. Üstəlik, unikal prosesdir. Çünki, Azərbaycan yaşadığı
bütün ağrılara, əziyyətlərə, soyqırımlarına, faciələrə baxmayaraq, özündə güc topladı,
müharibədə qalib gəldi, torpaqlarını azad etdi. İllərlə işğalçılıq siyasəti aparan təcavüzkara əl
uzatdı, sülh prosesinin təşəbbüskarı oldu. Qalib dövlət məğlub dövlətə sülh təklif edir. Bu,
həqiqətən də yaxın tarixdə baş verən nadir haldır. İşğal olunmuş əraziləri azad edərək və
Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdıraraq Azərbaycan uzunmüddətli sabitlik və
sülhün təməlini qoydu. Postmünaqişə dövründə Prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan şüurlu şəkildə “inkişaf naminə sülh” siyasətini seçdi, qalib tərəfin alçaldılması və
dağıdılması məntiqindən imtina etdi. Bu yanaşma dövlət-qalib tərəfindən göstərilən siyasi
iradə və humanizmin nadir nümunəsinə çevrildi. Prezident İlham Əliyev mükafatı qəbul
edərkən bir vaxtlar mümkünsüz görünən sözləri səsləndirdi: “Dəfələrlə qeyd etdiyim kimi, biz
sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik
əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ
Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı
ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur.
Bu sözlər yeni reallığı təsdiqləyir: onilliklər boyu “dondurulmuş” və həlli mümkünsüz sayılan
münaqişə bu gün həqiqətən də, bütün təzyiq və təsirlərə baxmayaraq - son mərhələyə
yaxınlaşır.
Lakin xatırlatmaq vacibdir ki, Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli
daha əvvəl də mümkün idi. Bunun üçün cəmi bir şərt lazım idi – Ermənistanın əvvəlki və indiki
rəhbərliklərinin beynəlxalq hüququn aliliyini və dövlətlərin ərazi bütövlüyü prinsipini qəbul
etməli və müvafiq qaydada yerinə yetirməli idilər. Təəssüf ki, İrəvanda başqa yol seçildi:
prosesi uzatmaq, beynəlxalq hüquq normalarını yerinə yetirməkdən imtina etmək, status-
kvonu güc yolu ilə möhkəmləndirməyə çalışmaq. Nəticədə yeni faciələr, yeni insan itkiləri
yaşandı və Azərbaycan ədalətli sülhə hərbi-siyasi yolla nail olmağa məcbur qaldı. 2020-ci ildə,
ardınca isə 2023-cü ildə Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Bu
hadisə təkcə ölkə üçün deyil, regionun təhlükəsizlik arxitekturası üçün də dönüş nöqtəsi oldu.
Bu mərhələdə daha bir mühüm xüsusiyyət üzə çıxdı: Azərbaycan, nəcib və uzaqgörən qalib
kimi, Ermənistanla sülh dialoqunun başlanmasının təşəbbüskarı oldu. İntiqam siyasəti əvəzinə
– barışıq siyasəti. Qarşıdurmanın davamı əvəzinə – dayanıqlı razılaşma və sülh axtarışı. Əbu-
Dabidə sülh mükafatının təqdim edildiyi gün Azərbaycan ərazisindən tranzitlə Ermənistana
gedən səkkiz vaqondan ibarət, Rusiya buğdası daşıyan növbəti yük qatarı Xırdalan
stansiyasından yola salındı. Yükün ümumi çəkisi 560 tondur. Qatar “Böyük-Kəsik”
stansiyasından keçərək Gürcüstana, oradan isə Ermənistana çatdırılacaqdır. Bu hadisə rəmzi
xarakter daşıyır. Çünki, bu, sadəcə iqtisadi detal deyil, həm də regionda atmosferin necə
dəyişdiyinin əyani göstəricisidir. Dünən cəbhə xətləri keçən yerlərdə bu gün ticarət,
əməkdaşlıq və qarşılıqlı asılılıq xətləri formalaşır. Sülh artıq deklarasiya deyil, praktikaya
çevrilir. Cənubi Qafqaz tədricən daimi böhran zonasından nəqliyyat, enerji və humanitar
imkanlar məkanına çevrilir. Məhz buna görə Əbu-Dabidə təqdim olunan bugünkü mükafat bu
qədər dərin məna daşıyır. O, beynəlxalq ictimaiyyətin Azərbaycan və Ermənistanın həqiqətən
yeni siyasi düşüncə dövrünə qədəm qoyduğunu qəbul etdiyini təsdiqləyir. Eyni zamanda
aydındır ki, Bakı ilə İrəvan arasında sülh yalnız ikitərəfli məsələ deyil. Bu, bütün Avrasiya üçün
sabitlik amilidir. Əgər bu proses sona qədər çatdırılarsa, region nəhayət keçmişin ağır
mirasından azad ola biləcək. Məhz buna görə bugünkü mükafat təkcə ümid simvolu deyil, həm
də bir xatırlatmadır: sülh beynəlxalq hüquq normaları tanındıqda, dövlətlərin ərazi bütövlüyünə
hörmət edildikdə və siyasi iradə revanşist meyllərdən üstün olduqda mümkündür.Bakı
tərəfindən irəli sürülən sülh gündəliyi regionun ümumi rifahına yönəlmiş yeni iqtisadi
arxitekturanın əsasını formalaşdırdı. Qarşıdurma ritorikasından əməkdaşlığa keçid Cənubi
Qafqaz üçün geniş perspektivlər açdı. Azərbaycan dünyaya təkcə müdafiə gücünü deyil, həm
də strateji düşüncə qabiliyyətini nümayiş etdirdi. Sülh təşəbbüsləri düşmənçilik tarixinin faciəli
səhifəsini bağlayır və hörmətə, qarşılıqlı əlaqəyə əsaslanan yeni bir dövrün yolunu açır. Bu
proses bütün dünyanın gözü qarşısında baş verir. Dünya görür ki, bu mümkündür. Bəli,
Ermənistana gedən qatar yollarını açmaq mümkündür. Beş il əvvəl düşmən olmuş qonşuya
ucuz yanacaq satmaq mümkündür. Azərbaycan Prezidentinin verdiyi hər bir qərar diplomatiya
dərsliklərinə düşməli və dünyanın aparıcı universitetlərində tədris olunmalıdır. Prezident İlham
Əliyevin dediyi kimi: “Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə
vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki,
uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür.
Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq
ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür”.
Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma
mərasimində çıxışı zamanı çox mühüm bir mesajla bitirdi: “Əbu-Dabidə keçirilən bu
mükafatlandırma mərasimi ilə bağlı qeyd edəcəyim son məqam odur ki, bu mərasim rəmzi
məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin
iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz
qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada
gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir. Bugünkü simvolizm
havada hiss olunur”. Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətə sülh uğrunda mübarizə
aparılmalı olduğu fikrini açıq şəkildə çatdırdı. Sülhdə qələbə döyüş meydanındakı qələbədən
heç də asan deyil. Azərbaycan bunu təcrübədən öyrəndi, çünki qərəzli xarici qüvvələr
dəfələrlə Bakının sülh səylərini pozmağa cəhd etdilər və bəziləri hələ də cəhd göstərirlər.
Lakin Azərbaycanın üçüncü ölkələrə zərər vermədən milli maraqların qorunmasına və
beynəlxalq hüququn bütün norma və prinsiplərinə ciddi şəkildə riayət olunmasına əsaslanan
ardıcıl xarici siyasəti rəqiblərinin məqsədlərinə çatmasının qarşısını aldı. Prezident İlham
Əliyevin dəfələrlə vurğuladığı kimi, tarixi ədalət qalib gələcək.
Anar Xəlilov,
Sabirabad RİHB aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, ərazi-
təşkilat məsələləri sektorunun baş məsləhətçisi