Вернуться назад Распечатать

AYNA-nın 111 kilometrlik zolaq "fiaskosu": Nə üçün yollar boş, avtomobillər tıxacda qalır?

Bakıda ictimai nəqliyyat üçün xüsusi avtobus zolaqlarının sayı xeyli artıb. Bu yenilik cəmiyyətdə ciddi münahisələrə və narazılıqlara səbəb olub. Ədalət naminə deyək ki, avtobus zolaqlarını əsasən avtomobil sürücüləri tənqid edir. Avtobusdan istifadə edən sərnişinlər isə əksər hallarda razılıq edir, çünki ayrı-ayrı hallarda avtobusla hərəkət şəxsi avtomobildən daha sürətli olur. Avtobus zolaqları dünyanın iri şəhərlərində qəbul olunmuş və sınaqdan çıxmış təcrübədir. Lakin Bakı nümunəsində vəziyyət fərqlidir. AYNA-nın məlumatına görə, şəhərdə artıq 111 kilometrdən çox avtobus zolağı var, amma bu zolaqlar tıxac problemini azalda bilməyib. Avtobusların həmişə yox, bəzən avtomobilləri ötüb.

1xeber.media  Carçı teleqram kanalına  istinadla xəbər verir ki, Beynəlxalq standartlara əsasən, şəhər yolunun bir hərəkət zolağı saatda 600-dən 1500-dək avtomobilin keçidini təmin edə bilir. Orta göstəricini – 1000 avtomobili əsas götürək. Bu avtomobillərdə minimum bir, əksər hallarda isə iki və daha çox insan olur. Fərz edək ki, orta hesabla həmin avtomobillərdə 1500 nəfər daşınır. Bu o deməkdir ki, avtobus zolaqlarının texniki cəhətdən əsaslandırılması üçün həmin zolaqla hərəkət edən avtobuslar saatda 1500 nəfərdən çox sərnişin daşımalıdır. Əgər bu rəqəm 1500 nəfərə qədərdirsə, avtobus zolağının mənası qalmır. Çünki bu halda onun müsbət təsiri yoxdur və adi avtomobil zolağı saxlanıla bilər.
Praktiki və məntiqli rəqəm kimi saatda 2500 nəfərin daşınmasını götürsək, bu zaman avtobus zolaqları şəhər üçün real fayda verir. 

Standart 12 metrlik şəhər avtobusunun orta yüklənməsini təxminən 60 faiz, yəni 50 sərnişin kimi götürək. Bu da kifayət qədər yüksək göstəricidir, adətən pik olmayan saatlarda avtobuslar adətən bu qədər dolu olmur. 50 sərnişin o deməkdir ki, bütün oturacaqlar doludur və bir qrup insan ayaqüstə dayanır. Xatırladaq ki, standart avtobuslarda adətən 35–40 oturacaq yeri olur. Bu hesabla, saatda 2500 nəfərin daşınması üçün avtobus zolağından 50 avtobus keçməlidir. Yəni, demək olar ki, hər dəqiqədə bir avtobus. Əgər avtobus zolağından iki dəqiqədə heç olmasa bir avtobus keçmirsə, bu artıq o deməkdir ki, həmin zolağın effekti mənfidir. Bu halda avtobus zolaqlarının tıxacları artırdığı barədə danışan bakı sakinlərinin haqlı olma ehtimalı yüksəlir. Çünki şəhərimizdə dəqiqədə bir avtobusun keçdiyi küçələri saymaq üçün bir əldəki barmaqlar belə çoxdur.

Bu məntiqi yoxlamaq üçün avtobus zolaqlarının effektiv istifadə olunduğu iri meqapolislərə baxmaq kifayətdir. Orada əsas prospektlərdə avtobuslar 20–30 saniyədən bir hərəkət edir və bu, tam əsaslıdır. Ancaq görünür, bizim vəziyyətdə məmurlar avtobus hərəkətinin həqiqətən intensiv olduğu və ayrıca zolağa ehtiyac duyan bir neçə əsas küçəni seçmək əvəzinə, bu zolaqları “əlləri çatan hər yerdə” çəkiblər. Nəticədə isə bir çox hallarda nəqliyyatın hərəkəti yaxşılaşmaq əvəzinə, daha da pisləşib. Bu qərarları verərkən hansı “ağıllı beynəlxalq məsləhətçilərə” inanıblar və niyə inanıblar, bu artıq ayrı sualdır.