Türkiyədə “Danone” şirkətinə məxsus “Aptamil” körpə qidasının müəyyən partiyalarının satışı dayandırılıb.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi rəsmi açıqlama yayıb. Bildirilib ki, yoxlamalar zamanı sözügedən məhsulun tərkibində sağlamlıq üçün təhlükə yarada bilən sereulid toksini ilə bağlı risk aşkarlanıb.
Nazirliyin məlumatına görə, söhbət bütün “Aptamil” məhsullarından yox, yalnız müəyyən partiyalardan gedir. Həmin məhsulların satışdan yığışdırılması və geri çağırılması ilə bağlı prosesə başlanılıb. Valideynlərə bu partiyalara aid körpə qidalarından istifadə etməmək tövsiyə olunub.
Açıqlamada qeyd edilib ki, sereulid toksini xüsusilə körpələrdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu səbəbdən qabaqlayıcı tədbir kimi satışın müvəqqəti dayandırılması qərarı verilib.
Rəsmi qurumlar hazırda bazarda olan məhsulların partiya nömrələrinin yoxlanıldığını və nəzarət tədbirlərinin gücləndirildiyini də vurğulayıb.