Beynəlxalq əlaqələr daha çox liderlərin qərarları və real iş birliyi sayəsində formalaşır. Ölkələr arasında münasibətlər də dinamik və nəticəyönümlü xarakter daşıyır. Ənənəvi formatlar öz yerini çevik və praqmatik addımlara verir. Hazırda Azərbaycan-ABŞ əməkdaşlığı məhz qarşılıqlı etimada və hər iki
tərəfin strateji maraqlarına söykənən möhkəm tərəfdaşlıq üzərində inkişaf edir. ABŞ-nin vitse- prezidenti Ceyms Devid Vensin fevralı 10-11-də Azərbaycana səfəri yeni və çevik diplomatik mərhələnin başlanğıcı olmaqla yanaşı, Vaşinqtonun regiondakı maraqlarının və Bakı ilə mövcud olan
strateji əlaqələrin təzahürüdür.
Vens 2008-ci ildə bölgəyə gələn ovaxtkı vitse-prezident Dik Çeynidən bu yana Bakıya səfər edən ABŞ-nin ilk yüksəkranqlı şəxsi olmuşdur. Vitse-prezidentin münaqişə və siyasi gərginlik mərhələsindən hüquqi-diplomatik arenaya uğurla keçid edən Azərbaycana səfəri rəsmi Bakının artan
çəkisini nümayiş etdirir. Bu, sadəcə, diplomatik səfər deyil, iki ölkə arasındakı yüksəksəviyyəli etimadın və birbaşa liderlik dialoqunun mühüm nəticəsidir.
ABŞ vitse-prezidentinin Azərbaycana səfəri sülh prosesinə dəstək baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya” imzalanıb. Sənədə əsasən, tərəflər müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər. Azərbaycan və ABŞ terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq mövcud antiterror əməkdaşlığını genişləndirməyi planlaşdırırlar.
Eyni zamanda, kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqların artırılması üzrə əməkdaşlıq nəzərdə tutulur. Tərəflər Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, humanitar
minatəmizlənmə sahəsində maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər.
İmzalanan sənədə əsasən Azərbaycan və ABŞ Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədir.
Sənədə qeyd edilib ki, tərəflər Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkədaxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını
təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul edirlər Ümumən, Azərbaycan-ABŞ arasındakı münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçdiyi və bu
prosesdə şəxsi liderlik faktorunun həlledici rolu göz önündədir. Liderlər arasındakı dialoqun xronologiyasına baxsaq, görərik ki, Davosdan Misirə qədər uzanan bütün təmaslar Azərbaycanı qlobal sülhün və enerji təhlükəsizliyinin mərkəzi qovşağına çevirib. Dövlət başçılarının görüşlərində,
məktublaşma və telefon zənglərində əksini tapan səmimiyyət ABŞ-nin Azərbaycanı sadiq və güclü tərəfdaş kimi gördüyünün bariz nümunəsidir. Ağ Ev üçün Azərbaycan, sadəcə, enerji tərəfdaşı deyil,
Avrasiyanın geosiyasi arxitekturasında mərkəzi oyunçu statusundadır. Bu kontekstdə, 8 avqust 2025-ci ildə Vaşinqtonda baş tutan tarixi görüş münasibətlərdəki durğunluğa son qoyaraq, “Strateji Tərəfdaşlıq Xartiyası”na gedən yolu açan əsas dönüş nöqtəsi oldu.
Azərbaycan-ABŞ münasibətlərinin hazırkı mərhələsi xüsusilə Donald Trampın hakimiyyətə qayıdışından sonra şəxsi diplomatiya və iqtisadi sülh modelinə əsaslanan strateji dərinlik qazanıb.
Trampın xarici siyasəti uzunmüddətli bürokratik danışıqlardan daha çox, birbaşa liderlər arasındakı anlaşmalara söykənir. Məhz iki lider arasındakı yüksək təmaslar münasibətlərin dinamikasını müəyyən edən əsas amildir.
Nəticə olaraq, vitse-prezident Vensin Bakıya səfəri və səfər çərçivəsində imzalanan sənədlər, TRIPP layihəsinin icrasına dair atılan addımlar Azərbaycanın regional liderliyini beynəlxalq səviyyədə bir daha təsdiqləyəcək, Azərbaycan-ABŞ strateji müttəfiqliyi daha da güclənəcək.
Bəxtiyar Məmiyev,
Sabirabad rayon Bitki mühafizə idarəsinin rəisi