Вернуться назад Распечатать

MSK yenidən formalaşdırılır - Yeni tərkibdə kimlər olacaq?

Mərkəz Seçki Komissiyası (MSK) aprel ayında yenidən formalaşdırılmalıdır. Zaman daraldıqca 5 illik səlahiyyət müddəti başa çatan hazırkı tərkibin taleyi ilə bağlı suallar aktuallaşıb: parlamentdə təmsil olunan siyasi qüvvələr mövcud üzvləri saxlayacaq, yoxsa komissiyada dəyişikliklərə gediləcək?

MSK-dakı təmsilçilərinin sayına görə birinci yerdə olan hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov “Yeni Sabah”a deyib ki, zamanı çatanda bununla bağlı qərar qəbul edəcəklər:

“Hazırda komissiyada təmsil olunan YAP üzvləri öz fəaliyyətlərini normal şəkildə davam etdirirlər və tərkibin dəyişdirilməsi ilə bağlı konkret müzakirələr aparılmır. Əgər hər hansı dəyişiklik zərurəti yaranarsa, bu məsələ YAP İdarə Heyətində müzakirə olunaraq qərar qəbul olunacaq”.

Onun sözlərinə görə, bu məsələdə əsas və səlahiyyətli qərarverici orqan YAP İdarə Heyətidir.

“YAP-ın müxtəlif qurumlarda, o cümlədən MSK-da təmsilçiliyi ilə bağlı qərarlar Nizamnaməyə uyğun olaraq İdarə Heyətində qəbul edilir. İdarə Heyəti bu məsələlərdə əsas səlahiyyətli strukturdur”.  

MSK-da 6 yerə sahib olan Milli Məclisin bitərəf deputatlarından biri Azər Allahverənov söyləyib ki, hələlik prosesə start verilməyib.

“MSK üzvlərinin 5 illik səlahiyyət müddəti cari ilin aprel ayında başa çatır və yeni tərkibin formalaşdırılması nəzərdə tutulur. Bununla bağlı müvafiq qərarların qəbul edilməsi mövcud prosedurlara uyğun şəkildə həyata keçiriləcək. Deputat olaraq mən də bu prosesdə öz mövqeyimi bildirməyi planlaşdırıram. Namizədlərin irəli sürülməsi və ümumilikdə prosesin tələblərinə uyğun olaraq adekvat addımlar atmağı nəzərdə tuturam.

Qeyd edim ki, bu, silsilə xarakterli bir prosesdir. Mərkəzi Seçki Komissiyası, dairə və məntəqə seçki komissiyalarında fəaliyyətin təşkil olunması ümumi qərarlara uyğun şəkildə həyata keçirilir.

Hələlik prosesə start verilməyib. Ehtimal olunur ki, qarşıdakı aylarda bu istiqamətdə işlərə başlanılacaq. Mənim bu prosesdə iştirakım isə qanunvericiliyin müəyyən etdiyi hüquqi çərçivələr daxilində olacaq və bununla bağlı müəyyən planlarımız mövcuddur”.

Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri Natiq Cəfərli bildirib ki, bu prosesdə fəal iştirak edəcəklər:  

“Azərbaycanda qanunvericiliyə əsasən, seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir və bu müddət yaxın aylarda başa çatır. Parlament partiyası olaraq, həm dairə, həm də məntəqə seçki komissiyalarına müəyyən edilmiş kvotalar çərçivəsində üzv və katib təqdim etmək səlahiyyətimiz var.

Ötən 5 il ərzində nümayəndələrimizin fəaliyyətini dəyərləndirmişik. Nəticəyə uyğun olaraq, bir sıra dəyişikliklər ediləcək və yeni namizədlər tərəfimizdən təqdim olunacaq”.

Onun sözlərinə görə, bu məsələləri MSK ilə mütəmadi şəkildə müzakirə edirlər: “Proses kifayət qədər konstruktiv mühitdə davam edir. MSK texniki problemlər yarandığı hallarda operativ reaksiya verir. Bu səbəbdən hər hansı ciddi problem gözlənilmir. Səlahiyyət müddəti başa çatdıqdan və Mərkəzi Seçki Komissiyası yenidən formalaşdıqdan sonra, dairə və məntəqə seçki komissiyalarının tərkibinin müəyyənləşdirilməsində ReAL Partiyası qanunvericiliyin nəzərdə tutduğu kvotalar çərçivəsində aktiv iştirak edəcək”.

Qeyd edək ki, 2024-cü il sentyabrın 1-də seçilmiş Milli Məclisdə 11 partiya təmsil olunur. Yeni Azərbaycan Partiyasının 67, Vətəndaş Həmrəyliyi Partiyasının 3, Ədalət, Hüquq, Demokratiya Partiyasının 2, Böyük Azərbaycan Partiyası, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyasının 1 mandatı var. YAP-ın deputatı Ramil Həsənlinin başqa vəzifəyə keçməsinə görə mandatına xitam verildiyi üçün deputat mandatının sayı 68-dən 67-yə düşüb. Partiyasız şəxslər isə 44 mandata sahibdir. Qanuna görə, MSK-da 6 yeri parlamentdəki çoxluqda olan partiyanın, 6 yeri azlıqda olan partiyaların, 6 yeri partiyasız deputatların təqdim etdiyi nümayəndələr tutur. Üzvləri Milli Məclis seçir.

Hazırda MSK-da Yeni Azərbaycan Partiyasının nümayəndələri Məzahir Pənahov (sədr), Rövzət Qasımov (sədr müavini), Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova və Hüseyn Paşayev, azlıq partiyalarının nümayəndələri Mikayıl Rəhimov (katib), Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev və İlkin Şahbazov, partiyasız deputatların nümayəndələri Arifə Muxtarova (katib), Fuad Cavadov, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov və Nailə Əsgərovadır. Məzahir Pənahov MSK-ya 2000-ci ildən sədrlik edir.