Azərbaycanda ümumtəhsil məktəblərində kişi müəllimlərin sayının azlığı uzun illərdir müzakirə olunan məsələlərdən biridir. Mövcud statistika göstərir ki, məktəblərdə tədris prosesini həyata keçirən müəllimlərin böyük əksəriyyəti qadınlardır. Bəs kişilərin müəllimlik peşəsinə cəlb olunması üçün ölkə üzrə güzəştlər və xüsusi qərarların verilməsi mümkündürmü?
Mövzu ilə bağlı konkret.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hazırda ümumtəhsil məktəblərində çalışan müəllimlərin təxminən 75 faizi qadınlardır.
Ekspertin sözlərinə görə, bəzi ixtisas və istiqamətlər üzrə kişi müəllimlərin olması xüsusilə vacibdir:
“Orta ümumtəhsil məktəblərində bəzi sahələr var ki, həmin istiqamətlərdə kişi müəllimlərin fəaliyyət göstərməsi həm tərbiyəvi, həm də təşkilati baxımdan əhəmiyyətlidir. Sinif rəhbərliyi və digər müəyyən istiqamətlərdə qadın müəllimlərlə yanaşı kişi müəllimlərin də təmsil olunması vacibdir. Lakin təəssüf ki, mövcud vəziyyət o qədər də ürəkaçan deyil”.
R.Nurəliyev qeyd edib ki, ali məktəblərə qəbul zamanı kişi abituriyentlərin pedaqoji ixtisaslara marağı aşağı səviyyədədir:
“Abituriyentlərin ixtisas seçimi mərhələsində görürük ki, kişi namizədlər daha çox digər sahələrə yönəlirlər, pedaqoji ixtisaslara isə əsasən xanım namizədlər üstünlük verir. Bu da gələcəkdə məktəblərdə gender balansının pozulmasına səbəb olur”.
Ekspert hesab edir ki, kişi müəllimlərin sayının artırılması istiqamətində dövlət tərəfindən müəyyən təşviqedici tədbirlər görülə bilər. Onun fikrincə, əsas problemlərdən biri əməkhaqqı məsələsidir:
“Ümumtəhsil məktəblərində əməkhaqqı səviyyəsi o qədər də yüksək deyil. Bu amil kişi namizədlərin daha yüksək gəlirli sahələrə yönəlməsinə təsir edir”.
R.Nurəliyev əlavə edib ki, pedaqoji ixtisasları seçən kişi namizədlər üçün əlavə imtiyazların tətbiqi də mümkündür:
“Məsələn, kirayə haqqının qismən ödənilməsi, nəqliyyat xərclərinin qarşılanması və ya əməkhaqqına əlavə bonusların verilməsi kimi güzəştlər onların pedaqoji fəaliyyətə marağını artıra bilər. Bu cür təşviq mexanizmləri kişi müəllimlərin sayının artmasına müsbət təsir göstərər”.
Ekspertin fikrincə, müəllimlik peşəsinin nüfuzunun artırılması və sosial təminatın yaxşılaşdırılması gender balansının qorunmasına da töhfə verə bilər.