Atam, ömrünü dövlətimizə, millətimizə və ideallarına həsr etmiş Fəzail Ağamalının vəfatı ailəmiz üçün çox ağır itkidir. Acı xəbəri eşidən andan yanımızda olan, başsağlığı verən, dərdimizə şərik olan hər kəsə dərin təşəkkürümü bildirirəm.
1xeber.media xəbər verir ki,deputat Günay Ağamalı bununla bağlı sosial şəbəkədə paylaşım edib.
İnsanın həyatda qazandığı ən böyük sərvət onun ətrafında olan səmimi münasibətlər, dostluq və hörmətdir. Qapımızı döyən, zəng edən, mesaj yazan, dualarında adımızı çəkən hər kəsin diqqəti bizim üçün təsəlli oldu. Dövlət və ictimaiyyət nümayəndələrinin, həmkarlarımın, silahdaşlarımızın, dostlarımızın, tanıyan və tanımayan insanların göstərdiyi ehtiram Fəzail müəllimin ömür yolu və prinsiplərinə verilən qiymətin göstəricisidir.
Vida mərasimində iştirak edən, yas mərasimlərində ailəmizin yanında olan, kədərimizi bölüşən hər kəsə minnətdaram. Bu çətin günlərdə deyilən hər bir xoş söz, edilən hər bir dua, göstərilən hər bir diqqət bizim üçün dəyərlidir və yaddaşımızda daim qalacaq.
Atamın xatirəsi bizim üçün ailə dəyəri olmaqla yanaşı, həm də bir həyat məktəbidir. Fəzail Ağamalı bizim üçün əqidə, mövqe qoyub getdi. Onunla bağlı söylənilən xoş sözlər, yazılan xatirələr bizim üçün ən böyük təsəllidir.
Yanımızda olan hər kəsə bir daha təşəkkür edir, dualarınızı əsirgəmədiyiniz üçün minnətdarlığımı ifadə edirəm. Fəzail Ağamalının xatirəsi onu sevənlərin qəlbində hər zaman yaşayacaq.
Əziz Atam məkanın cənət, ruhun şad olsun!
Sənə sonsuz sevgi və ehtiramla
Canından çox sevdiyin qızın Günay.