Вернуться назад Распечатать

Bu mallar da bahalaşacaq — AÇIQLAMA

Azərbaycanda onlayn ticarətlə məşğul olanları və internet üzərindən mütəmadi alış-veriş edənləri yaxın gələcəkdə ciddi yeniliklər gözləyir. Vergi Məcəlləsinə təklif edilən yeni dəyişikliklərə əsasən, internet platformalarında xidmət və ya mal təqdim edən şəxslərin illik dövriyyəsi 10 min dolları keçdikdə, onlar bir ay ərzində vergi uçotuna alınmalıdırlar. Bu qayda həm fərdi satıcılara, həm də iri onlayn ticarət şəbəkələrinə şamil olunacaq.

İqtisadçı ekspert Asif İbrahimov Demokrat.az-a açıqlamasında bu addımın bazarda üəyyən qimət dalğalanmalarına yol açacağını bildirib.

“Nəticədə qısa müddətdə geyim, kosmetika, məişət xırdavatları və gündəlik tələbat malları kimi məhsullarda qiymət artımı müşahidə oluna bilər. Ən ciddi təsir isə sosial şəbəkələr üzərindən satış həyata keçirən kiçik və qeyri-rəsmi satıcılar üçün gözlənilir. Yeni tələblər bu kateqoriyaya aid olan satıcılar üçün ciddi maliyyə və təşkilati çətinliklər yarada bilər. Bununla yanaşı, artıq vergi uçotunda olan və sistemli fəaliyyət göstərən iri onlayn ticarət şirkətləri üçün kəskin bahalaşma riski nisbətən aşağı qiymətləndirilir. Çünki bu şirkətlər mövcud vergi yükünü indiyədək qiymət siyasətində nəzərə alıblar. Uzunmüddətli perspektivdə isə dəyişikliklərin müsbət tərəfləri də mövcuddur. Qanun layihəsi onlayn ticarətdə şəffaflığın artmasına, qeyri-rəsmi dövriyyənin azalmasına və bazarda daha ədalətli rəqabət mühitinin formalaşmasına imkan yaradır. Bu da zamanla qiymətlərin stabilləşməsinə, istehlakçı hüquqlarının qorunmasına və məhsul keyfiyyətinin yüksəlməsinə səbəb ola bilər”.

Ekspert hesab edir ki, onsuz da şəffaf işləyən və vergisini ödəyən iri şirkətlərdə kəskin qiymət artımı gözlənilmir. Çünki həmin qurumlar öz maliyyə planlarını artıq mövcud qanunvericiliyə uyğun qurublar. Prosesin uzunmüddətli faydaları isə daha çox şəffaflıqla bağlıdır. Bazarda rəqabətin ədalətli olması həm istehlakçı hüquqlarını qoruyacaq, həm də gələcəkdə qiymətlərin süni şəkildə artmasının qarşısını alacaq.