Xeyli müddətdir hökumət strukturunlarında bir neçə qurumun birləşdirilərək idarəetmənin optimallaşdırılacağı ilə bağlı iddialar səslənirdi. Xüsusilə Dövlət Gömrük Komitəsi (DGK), Vergi Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) vahid qurumda birləşdirilməsi ehtimalı olunurdu. Lakin ETSN-ə yeni nazir təyinatı bu gözləntiləri arxa plana keçirdi və mümkün struktur dəyişiklikləri ilə bağlı müəmma yarandı.
Hökumət niyə bu addımı atmadı?
1xeber.media xəbər verir ki,Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, hazırkı vəziyyətdə belə bir planın həyata keçirilməməsinin bir neçə səbəbi ola bilər:
“Birincisi, idarəetmənin optimallaşdırılması, o cümlədən struktur islahatları yalnız texniki və qanuni baxımdan deyil, həm də siyasi, iqtisadi risklərlə bağlıdır. Bu qurumların funksiyaları fərqlidir. Gömrük və vergi sahəsi maliyyə, iqtisadi nəzarət, ETSN isə təbii resursların idarə olunması, ətraf mühitin qorunması ilə məşğuldur. Onların birləşdirilməsi praktiki olaraq çox mürəkkəbdir və funksional səmərəliliyi artırmaq əvəzinə, idarəetməni çətinləşdirə bilər. Əgər ehtiyac yaranarsa, ETSN-in Kənd Təsərrüfatı Nazirliyi ilə birləşdirilməsi mümkündür. İkincisi, ola bilsin ki, yeni nazir təyinatı bu gözləntini dəyişib. Bu rəhbərlik öz strategiyası və prioritetləri ilə gəlir, bu da struktur islahatlarını daha real, eləcə də ehtiyatlı şəkildə qiymətləndirməyə imkan verir”.
İqtisadçı bildirib ki, hazırkı mərhələdə hökumət belə bir birləşməyə ehtiyac görmür və ya bunu həyata keçirmək üçün şərait formalaşmayıb:
“Lakin gələcəkdə iqtisadi, texniki və inzibati şərait imkan verərsə, struktur optimallaşdırması yenidən gündəmə gələ bilər. Hazırda hökumətin strukturu kifayət qədər genişdir, bəzi hallarda paralel qurumlar fəaliyyət göstərir, onların birləşdirilməsinə və bəzilərinin ləğvinə ciddi ehtiyac duyulur. Ümumiyyətlə, bazar iqtisadiyyatı modelini tətbiq edən ölkələr arasında “məhdud hökumət” strayegiyası məşhurdur, gec-tez Azərbaycan hökuməti də buna getməli olacaq”.
Qeyd edək ki, 10 fevralda Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Sahil oğlu İsmayılov Azərbaycanın ekologiya və təbii sərvətlər naziri təyin edilib.