Вернуться назад Распечатать

Deputatdan ŞOK: “Azərbaycana qarşı çox təhlükəli planlar işə düşəcəkdi, əgər...”

1xeber.media xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Ramiz Mehdiyev işi” ilə bağlı yaydığı istintaq məlumatı ictimai diqqətdə olan mühüm mövzulardan biridir. Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə qənim kəsilmiş şəbəkənin ardıcıl olaraq ölkədə gərgin vəziyyət yaratmaq, ictimai sabitliyi pozmaq, Azərbaycanın dövlət maraqlarına qarşı planlar qurmaq və gerçəkləşdirmək istiqamətində fəaliyyət göstərdiyini, ölkənin nüfuzuna xələl gətirmək üçün bütün mümkün vasitələrdən istifadə etdiyini bir daha təsdiqləmiş oldu.

İstintaq məlumatı həm də zaman-zaman ölkəmizdə müxalifət adı ilə keçirilən mitinqlərin əsl məqsədinin demokratiyaya xidmət yox, süni gərginlik və ölkəyə xaricdən müdaxilə üçün şərait yaratmaq olduğunu faktlarla təsdiqləyir.

Deputat Ceyhun Məmmədov bu barədə Musavat.com-a deyib ki, əslində təqdim olunan məlumatlardan həmin mitinqlərin keçirilməsində əsas məqsədin ictimai-siyasi sabitliyi pozmaq, ölkədə gərginlik yaratmaq olduğu bir daha sübut edir:

“Həmçinin, o şəbəkənin təşkil etdiyi mitinqlər ölkəmizin nüfuzuna xələl gətirmək, ölkənin daxili işlərinə kənardan müdaxilə olunmasına şərait və zəmin yaratmaq üçün keçirilirdi. Onların əsas məqsədi heç də demokratiya, söz azadlığı və insan hüquqları məsələsi deyildi. Əsas hədəf və məqsəd süni gərginlik yaratmaq, mümkün olduğu halda xaos vəziyyətinin meydana gəlməsinə nail olmaq və bununla da guya ölkədə idarəçiliyin iflic olduğu görüntüsünü yaratmaq olub.

Həmin şəbəkə dünyada sabitlik adası kimi qəbul edilən Azərbaycanı vətəndaş qarşıdurmaları, xaos məkanına çevirmək üçün iş aparıblar. Bu, əslində dövlət əleyhinə çox ciddi və təhlükəli planların məhz bu şəbəkəyə məxsus olduğundan xəbər verir. Ona görə də həmin şəbəkəni ifşa edilməsi böyük hadisədir və təqdirəlayiqdir. Dövlətimizin və hüquq-mühafizə orqanlarının çevik siyasəti nəticəsində Azərbaycanda çox təhlükəli planların qarşısı alınıb”.