Ağ Evin bu il Sevgililər Gününə həsr etdiyi rəsmi sosial media paylaşımı romantik mesajlar əvəzinə siyasi istinadlar və gündəmdəki mövzularla diqqət çəkib və tənqidlərə səbəb olub.
1xeber.media xəbər verir ki, Ağ Evin rəsmi hesabından “Yalnız sizin üçün hazırlanıb” şüarı ilə yayımlanan görüntülərdə Amerika Birləşmiş Ştatlarının daxili və xarici siyasətinə dair müxtəlif simvollar və personajlar əks olunub.
Paylaşımda yer alan ilk kartlarda keçmiş Venesuela lideri Nikolas Maduronun tutulmasına istinad edən “Sən mənim ürəyimi fəth etdin” mesajı verilib.
Mətnlərdə ABŞ-nin siyasətində mübahisə yaradacaq siyasi hadisələr romantik tonla birləşdirilib.
Başqa bir kartda Trampın Oval Ofisdə icra sərəncamı tutduğu şəkil üzərində “Mənim sevgilim sənsən” mətninə yer verilib. Bu, ABŞ daxili siyasətində tez-tez istifadə olunan icra sərəncamlarına işarə kimi diqqət çəkib.
Digər şəkildə isə “Sənə olan sevgim Demokratların qeyri-qanuni miqrantlara sevgisi qədər güclüdür” ifadəsi yer alıb ki, bu da ABŞ-də immiqrasiya siyasəti ilə bağlı müzakirələrə işarə edir.
Sosial mediada bu qeyri-adi paylaşım müxtəlif reaksiyalarla qarşılanıb. Bəziləri onu cəsarətli və yumorlu hesab edərkən, digərləri Sevgililər Gününün romantik ruhuna uyğun olmadığını, siyasi çalarlarla dolu bir açıqlama olduğunu bildirib və tənqid ediblər.




