Вернуться назад Распечатать

Ramiz Mehdiyev-Fuad Qəhrəmanlı-Zümrüd Yağmur üçbucağı-Əsgər Ağazadə işi ilə bağlı şok iddialar

Anadan ittiham: “Mehdiyev əlaqələri oğlumun taleyini həll etdi”

2021-ci ilin oktyabrında həbs edilən və 5 il cəza alan Əsgər Ağazadənin ailəsi Musavat.com-a üz tutub. Öncəliklə bu gəncin kimliyini oxuculara xatırladaq:

Ə.Ağazadə hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının (Fransaya qaçıb) 6 il öncə boşandığı yazar Zümrüd Yağmurun doğmaca bacısı oğludur. Ağazadə xalası qızını zorlamaqda şübhəli bilinərək həbs edilib. Şikayətçi isə Z.Yağmurun özü olub. Ağazadə və ailəsi ilk gündən indiyə qədər birmənalı şəkildə bu ittihamları qəbul etmir və hətta müdhiş iddialar irəli sürürlər. Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı ötən ilin oktyabrında açılan cinayət işi və bu iş çərçivəsində noyabr ayında Əli Kərimlinin həbs edilməsindən sonra bu şok iddialar yenidən gündəmə gəlib.

 Ailənin iddiası ondan ibarətdir ki, F.Qəhrəmanlı və Z.Yağmur “Mehdiyev çetesi”nin birbaşa üzvləri olublar. 2020-ci ildə onlar boşansalar da, bu əlaqələri davam etdiriblər. Ağazadə ailəsi “Ramiz Mehdiyev işi” çərçivəsində aparılan həbslər dalğasında Ə.Kərimlinin saxlanılmasından və Fuad Qəhrəmanlının da məsuliyyətə cəlb olunub barəsində cinayət işinin başlanmasından sonra israrla Əsgər barəsində açılan cinayət işinə yenidən baxılmasını və onun bəraət almasını xahiş edirlər.

Ə.Ağazadənin anası Sürəyya Ağayeva Musavat.com-a bunları deyib: “Oğlum barədə mətbuatda yazılar çox gedib. Sizin saytınızda da bu barədə məlumatlar verilib. Maraqlananlar Musavat.TV-yə vaxtilə verdiyim açıqlamaya yenidən baxa bilərlər. Orada hər şey deyilib. Həmin hadisələrlə tanış olanlar görərlər ki, Zümrüd bacısı oğlunu qızı Avropada oturum alsın deyə necə şərlədib, həbs etdirdi. Zümrüd 245 min avroya Ankarada mənzil alıb. İndi sual yaranır, qiyməti bu məbləğdə olan mənzili necə alıb? İndiyə qədər oğlumla bağlı çox çırpındım, amma Fuad və Zümrüdün arxasında duran klana qalib gələ bilmədim. Oğlum hələ də içəridədir. Heç adını tutan da yoxdur.

Hələ 2022-ci ildə Fuad Qəhrəmanlı mənə açıq-aşkar yazıb, hədə-qorxu gələndə ki, sənin oğluna 10 il iş verdirəcəyəm, həbsdə öldürtdürəcəyəm, onda mən onun arxasında duranların nə qədər güclü olduğunu bilməli idim. O zaman ətrafımdakılar məni sakitləşdirməyə çalışırdılar. “Fuad kimdir ki, bu qədər səlahiyyəti olsun?” – deyirdilər. Bir də mən illər öncə Musavat.TV-dəki çıxışımdan sonra onlar tərəfindən məhkəməyə verildim. Hakim bilirsiniz kim idi? Ramiz Mehdiyevin qardaşı oğlu. Mən Beyləqan qeydiyyatındayam, yoldaşım isə Yasamal. Qeydiyyatı düzgün qeyd etməmişdilər. İşi tamam  fərqli yerə vermişdilər. Məsələ bu idi ki, nə olursa olsun, iş həmin şəxsdə olsun. Onda bir daha əmin oldum ki, belə təsadüflər olmaz. Bunların əhatəsi də geniş idi.

Təsəvvür edin ki, 2022-cü ildə hüquq müdafiəçisi Rüfət Səfərovgilin təşkilatı var idi, ora getmişdim. Hazırda həbsdə olan Rüfəti deyirəm. Həmin təşkilatda yer alan Zəfər Əhmədov sonra yazdı ki, biz Zümrüdün şər atdığını yaxşı bilirik, amma ondan çox qorxuruq. Sonradan həmin statusu Fuad sildirdi. Fuad və Zümrüd yalandan göstərdilər ki, guya ayrıdırlar, amma eyni yerə vurdular. Zümrüd bir daha deyim ki, Ankarada Atatürk bulvarında 245 min avroya mənzil alıb. Bilirsiniz, bu nə deməkdir? Qızlarının birinə Riqada ev alıb, o birinə Hollandiyada.

Mən gec də olsa həqiqəti illər öncə bildim. Bu ailənin haradan və kimdən maliyyə aldığını təsadüfən öyrənmişdim. Fuad həbsdə olduğu vaxt Zümrüd evini təmir etdirirdi. O pulların Ramiz Mehdiyev tərəfindən verildiyini məhz o zaman öyrəndim. Lakin bu ailənin tamahı o qədər böyük idi ki, verilən pullar onlara yetmirdi. Arvad ərinin səsini yazıb satırdı, ər isə partiya yoldaşının...”

Şikayətçi bir müdhiş fakt da irəli sürdü: “2024-cü ilin 5 may tarixində “Baku TV”-də yayımlanan “Qrant maqnatlarının mənimsədiyi pullar” adlı video-materialda göstərilən 1 milyon 441 min manatlıq qrant sənədlərində Qəhrəmanlı Sənay Fuad qızının adı yer alır.

Sənay kimdir? Heç kimdir. Sadəcə Fuad və Zümrüdün qızıdır. Bu ailə öz məqsədləri üçün xalaoğlunu şərləyib. Bütün ekspert rəyləri, şahid ifadələri, anten dairə məlumatları Ağazadə Əsgər Yusif oğlunun xeyrinə olduğu halda, xüsusi sifarişlə mənim oğlum həbs olundu. Çünki bu işdə xalaoğlu, ata, qardaş adı olanda səs-küy daha göstərişli olur. Bu ailənin hər bir fərdi ölkədə iğtişaş yaratmaq üçün dövlətçiliyimizə qarşı yönəlmiş radikal qruplara rəhbərlik edən şəxslər idi. Hamınız yaxşı xatırlayırsınız, Bakı küçələrində keçirilən feminist və LGBT yürüşlərini, orada səsləndirilən şüarları...

Zümrüd Yağmurun ətrafına topladığı, sürü psixologiyası ilə idarə olunan radikal feminist və LGBT qruplarının istəyi nə idi? Bunu Zümrüddən soruşmağın vaxtı çatmayıbmı?

Ata Fuad Qəhrəmanlı, ana Zümrüd Yağmur, qızlar Selcan və Sənay Qəhrəmanlılar (Yağmurlar), bunların hər birinin “əməyi” onlara ayrı-ayrılıqda məşhurluq və pul qazandırdı. Sonra isə adam şərləməklə qazandıqlarını  yığıb, ölkədən qaçdılar. Hazırda qızlar Avropanın müxtəlif ölkələrində ev kirayəyə verir. Fuad Fransadadır, Zümrüd Yağmur isə dediyim kimi, Ankarada Atatürk bulvarında ev alıb. Biz bu Fuad–Zümrüd cütlüyünün çirkin əməllərini, siyasi məhbus ailələri adına aldıqları qrantları, layihə sənədlərini, hətta pul üçün öz qız övladlarını belə fəda etdiklərini ortaya qoymuşduq.

Bu gün Fuad Qəhrəmanlınının ifşası ilə tam aydın olur ki, Əsgərin tutulmasında Ramiz Mehdiyevin əli olub. Mən dəfələrlə hüquq müdafiəçilərini bu işi monitorinq etməyə çağırdım.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvləri başda Novella Cəfəroğlu olmaqla, nə qədər təşəbbüs göstərsələr də, oğlum Əsgər Ağazadə bu gün sifarişli şəkildə, şərin qurbanı olaraq həbsdədir. Buradan xüsusilə, Novella xanıma dərin təşəkkürümü bildirirəm. Bu işdə aidiyyatı olan orqanlara, səlahiyyət sahiblərinə bir ana, Azərbaycan vətəndaşı kimi müraciət edirəm, övladımın işinin yenidən araşdırılmasında, ədalətin bərqərar olmasında mənə kömək edin”.

Yazıda adı keçən şəxslərin də mövqelərini dərc etməyə hazırıq.

Musavat.com