Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və vəkil Aqil Layıc sosial şəbəkədə bir-birlərini təhqir edib.
1xeber.media xəbər verir ki, hüquqşünas öz “Facebook” səhifəsində A.Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən töhmət alması xəbərini paylaşaraq aşağıdakı fikirləri yazıb:
“Çox ikrah doğuran insandır. Başdan ayağa hər hərəkəti suni və iyrənc gəlir mənə”.
Aqil Layıcın iddiasına görə, Adil Əliyev onun yazdıqlarına publik deyil, şəxsi mesaj vasitəsilə cavab verib:
“Mənə belə bir mesaj yazıb. Öz evindən xəbərin var? Qonşularından soruş. Mənə dedilər. Bununla məni təhqir edib”.
Vəkil bu yazışmanın skrinşotunu da paylaşıb. Mesajı yazan “Facebook” səhfəsi həqiqətən də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adınadır. Sözügedən səhifədə icra başçısının fəaliyyətləri ilə bağlı paylaşımlar dərc edilir. Amma səhifənin həqiqətən də ona məxsus olmasını təsdiqləyən başqa fakt da yoxdur.