Вернуться назад Распечатать

Novella Cəfəroğlu Zümrüd Yağmurun həbs etdirdiyi bacısı oğlunun müdafiəsinə qalxdı

“Bir valideyn qızlarını ölkədən çıxarmaq üçün bir oyun qurdu, övladının zorlandığını deməyi belə özünə rəva bildi”

AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının keçmiş həyat yoldaşı (6 il öncə boşanıblar) Zümrüd Yağmurun həbs etdirdiyi bacısı oğlu Əsgər Ağazadənin işi son aylarda yenidən gündəmə gəlib. Buna səbəb də, ötən ilin oktyabrında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində cinayət işinin başladılmasıdır.

Çoxları düşünə bilər ki, nə əlaqə?

Bu barədə məlumat verək: Ağazadə ailəsi elə ilk günlərdən Əsgərə 5 il cəzanın verilməsində Mehdiyev çetesinin rolunun olduğunu bildirirlər. Arqument kimi də, Ə.Kərimlinin Mehdiyevlə əlaqələrinin fonunda F.Qəhrəmanlının və Z.Yağmurun da proseslərin içərisində olduğunu iddia edirlər. Məhz “şəxsi nüfuzları”ndan istifadə edərək, Ə.Ağazadəni şərlədiklərini, Z.Yağmurun qızı Sənay Qəhrəmanlını öyrədərək qəsdən Əsgərgilin evinə göndərdiyini söyləyirlər.

Bu yerdə qaranlıq qalmasın deyə məlumat verək ki, Əsgər öz xalası qızını, yəni Zümrüd Yağmurun övladı Sənayı zorlamaqda ittiham olunur. Sənay bu hadisədən qısa müddət sonra təhsil almaq adı ilə Riqaya gedib. Əsgərin anası Sürəyyə Ağayeva mətbuata dəfələrlə bildirib ki, bacısı, qızlarının xarici ölkə vətəndaşlığını tez almaq üçün oyun qurub, oğlunu şərləyib. Sonradan Qəhrəmanlı ailəsinin daha bir qız övladının-Selcanın xaricə üz tutmasının, ardınca ata-Fuad Qəhrəmanlının Fransaya, Z.Yağmurun isə Ankaraya getməsinin təsadüf olmadığını, Ağazadə ailəsi deyir.

Və ailə o sualı da ünvanlayır ki, Z.Yağmur 245 min avroya Ankarada-Atatürk bulvarında evi necə alıb? Həmçinin qızlarına da Avropada ev aldığını deyirlər. Hətta Riqada mənzilin hansı ünvanda yerləşdiyinin məlum olduğunu da qeyd edirlər.

Ağazadə ailəsinin hazırda bir istəyi var. O da Əsgərə bəraət verilməsidir. Onun anası övladının şərlənərək 4 il 3 ay həbsdə olduğu zamanı geri qaytarmağın mümkün olmadığını deyir. Heç olmasa təskinlik, oğlunun gələcəyi üçün bəraət hökmünün çıxarılmasını aidiyyəti orqanlardan, hüquq müdafiə təşkilatlarından xahiş edir.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu Musavat.com-a açıqlamasında Ə.Ağzadənin müdafiəsinə qalxdı: “Bu işlə neçə ildir məşğuluq. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun digər üzvləri Səidə Qocamanlı, Səadət Bənəniyarlı və Çingiz Qənizadə ilə birlikdə yaxından maraqlanırıq. Əldə olunan materiallar göstərir ki, bu iş doğrudan da tamamilə quramadır. Bu gün gənc oğlanı 4 ildir 3 aydır ki, həbsdə günahsız yerə saxlayırlar. Bir insan üçün bundan ağır cəza olarmı? Siz bilirsinizmi, əgər Əsgər belə bir cinayət törətsəydi, içəridə onunla necə davranardılar? O oğlana orada salam verən tapılmazdı, üstəlik hər addımbaşı aşağılamaq istəyərdilər. Bir məhbus həbsxanaya göndəriləndə, özündən qabaq dosyesi gedir.

Əsgər həbsdə hamının hörmətini qazanıb. İnanmayanlar, maraqlansınlar. O zaman həqiqəti görəcəklər. Bir valideyn qızlarını, ailəsini ölkədən çıxarmaq üçün bu cür bir oyun qurdu, övladının zorlandığını deməyi belə özünə rəva bildi. Mən qadın hüquq müdafiəçisiyəm. Hər zaman da qadınların yanında olmuşam, onları müdafiə etmişəm. Bir sözlə Əsgərdə heç bir günah yoxdur. Bizə həmin ailə tərəfindən müraciət olub. Çalışırıq ki, onu Ədliyyə Nazirliyinin komissiyasından məhkəmə yolu ilə tez azad etdirək. Sonradan da çalışacağıq ki, kömək edək, həqiqət tam şəkildə ortaya çıxsın. Əsgərin gənclik ömründən bu illər oğurlanıb. Heç olmasa, sonunda bəraət verilsin. Onun həyatı qabaqdadır. Biz bu məsələni sona qədər diqqətdə saxlayacağıq”.