Fevralın 25-də, Xocalı faciəsinin ildönümü münasibəti ilə, Şuşa Dövlət Musiqili Dram Teatrı Binəqədi Rayon İcra Hakimiyyəti ilə birlikdə tədbir keçirdi. Tədbirdə RİH-nin başçısının müavini Sevinc Süleymanova çıxış etdi. Vətən uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra dramaturq Xaqani Əliyevin "İki əsgər" pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi keçirildi.
1xeber.media xəbər verir ki,tamaşa 44 günlük Vətən müharibəsindəki Qələbəmizə həsr olunub. Tamaşanın quruluşçu rejissoru, mərhum əməkdar artist Yadigar Muradov, rejissoru Lalə Şirinova, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Asyaxanım Heydərovadır. Səhnə əsərində teatrın aktyorları Emin Sevdiməliyev, Vüsal Məmmədov, Ayşən Mirzəyeva, Cavid Cavadzadə və Təranə Əliyeva çıxış etdilər.
İnsanın daxilində mərhəmət və qisas hissi daim mübarizədədir. Bəs nə vaxt hansı məqamlarda biri o birinə qalib gəlir? İnsan çətin anlarda insan olaraq qalmağı bacarırmı? Əgər bacarırsa, buna təkcə mərhəmətmi səbəb olur? Tamaşada bu suallara cavab axtarılır.



