Вернуться назад Распечатать

Bölgə üçün mühüm əhəmiyyət daşıyan səfərlər

2023-cü ilin sentyabr ayında rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiteror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından ötən qısa müddətdə – iki ildən artıq zamanda Xocalı, Xankəndi və Xocavənd şəhərləri, həmçinin bu rayonların bir çox kəndləri sakinlərinə qovuşub. Xocalı şəhəri suverenliyimizin bərpasından sonra bu sevinci yaşayan ilk şəhər oldu.

Prezident İlham Əliyev 2024-cü ilin 26 fevral tarixində Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Ötən il isə Prezident İlham Əliyev Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdü.

Dövlətimizin başçısının Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri bərpa- quruculuq işləri ilə tanışlıqla bərabər, yeni sosial obyektlərin açılışı və təmləqoyma mərasimlərinin keçirilməsi, bu torpaqlara qayıdan sakinlərlə görüşü ilə də yadda qalır.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdilər. Memorialla tanış oldular və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər. 

Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin düz iki il əvvəl imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.

Açılış mərasimində iştirak edən ölkə başçısı xocalılarla görüşərək mərasimdə geniş çixış edib. O, ilk növbədə bildirib ki, bu Memorial silinməz yaddaşımızın təcəssümü olacaq. “Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev həmçinin bildirib ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Dövlətimizin başçısı qeyd edib: “Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir”.

Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib ki, bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük.

Dövlətimizin başçısı bildirib: “Çünki bu qədər, – yəni Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, – 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini saxladı, ləyaqətini saxladı, inamını saxladı”.

Bölgəyə səfəri zamanı Prezident İlham Əliyev sakinlərlə görüşündə bu torpaqlarda infrastruktur layihələrinin uğurlu icrasından, iş yerlərinin yaradılmasından geniş bəhs etdi.

Vurğuladı ki, burada yaşayan insanların əksəriyyəti vaxtilə kənd təsərrüfatı ilə məşğul idi. Bu bölgənin çox gözəl təbiəti, münbit torpağı, suyu, bulaqları var. Əsas odur ki, insanlar artıq burada rahat yaşasınlar və tam əmin olsunlar ki, bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək. Bunun üçün də hər zaman güclü, ayıq olmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq. Necə ki, inamla baxırıq və yaşayırıq. Bundan sonra xalqımız sülh içində yaşayacaq.

Cavanşir Nəsirov,
Sabirabad rayon Ulacalı kənd sakini, təqaüdçü