Bu gün Xocalıda soyqırımı qurbanlarının əziz xatirəsinin ehtiramla anılması dövlətimizin gücünün və qüdrətinin bariz göstəricisidir. Bu, eyni zamanda, hər birimizə Xocalı soyqırımına fərqli yanaşma ilə, tarixi Zəfərə aparan yolda sınmaz iradə və milli qürur nümayiş etdirmiş xalqın mənəvi dirənişinin simvolu kimi baxmaq imkanı yaradır.
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.
Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin düz iki il əvvəl imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.
Açılış mərasimində iştirak edən ölkə başçısı xocalılarla görüşərək mərasimdə geniş çixış edib. O, ilk növbədə bildirib ki, bu Memorial silinməz yaddaşımızın təcəssümü olacaq. “Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev həmçinin bildirib ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Dövlətimizin başçısı qeyd edib: “Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir”.
Tarixən xalqımıza qarşı törədilmiş qanlı cinayətlər, o cümlədən Xocalı soyqırımı heç zaman unudulmayacaq. Bu yaddaş milli kimliyimizin ayrılmaz hissəsinə və gələcək nəsillər qarşısında mənəvi məsuliyyətimizə çevrilib.
Bir daha Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edir, uca Allahdan onlara rəhmət diləyirik.
Faiq Hüseynov,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad rayon şöbəsinin
sədri